AZ

İran qapısını ABŞ-a bağlayır

Vaşinqtonun Tehrana qarşı yeni sanksiyalar tətbiqi, Xameneyi isə ABŞ-ın qapısını bağlaması və hökumətinə Vaşinqtonla danışıqlara getməməsi barədə xəbərdarlığı ilə iki ölkə arasında gərginlik yenidən artıb.

Fars-molla rejiminin dini lideri Ayətullah Əli Xameneyi paytaxt Tehranda Hava Hücumundan Müdafiə Qüvvələrinin yüksək rütbəliləri ilə görüşüb. Görüş zamanı ABŞ-la danışıqlar məsələsinə toxunan Xameneyi bunun faydasız olduğunu vurğulayıb: “İlk növbədə, düzgün başa düşmək lazımdır ki, ABŞ-la danışıqların ölkənin problemlərinin həllinə heç bir təsiri yoxdur. Bizdə elə təəssürat yaratmasınlar ki, o hökumətlə otursaq, problemlər həll olunacaq. Xeyr, bu danışıqlar heç bir problemi həll etməyəcək. Amma niyə? Çünki təcrübə bunu göstərir”.

***

Keçmişdə ABŞ ilə danışıqlar aparıldığını xatırladan Xameneyi, “ABŞ ilə təxminən iki il davam edən danışıqlardan sonra bir masa arxasına oturduq və müqavilə imzaladıq. Danışıqlarda ABŞ tək deyildi, danışıqlarda bir neçə başqa ölkə iştirak edirdi, amma danışıqların mərkəzində ABŞ oldu. O dövrün hökuməti dəfələrlə ora-bura gedib, görüşüb, danışıb, əl-ələ verib, yekun razılığa gəldilər”, – deyib.

Bununla belə, Xameneyi Vaşinqtonun razılaşmaya əməl etmədiyini bildirərək, “Bu müqavilədə İran tərəfi çox səxavətli idi və bir çox güzəştlərə getdi. Razılaşmanın məqsədi sanksiyaları ləğv etmək idi, lakin bu baş vermədi. BMT-yə gəldikdə isə, daimi təhdid kimi istifadə oluna biləcək bir qeyri-müəyyənlik qalıb. Bu razılaşma iki illik danışıqların nəticəsi idi".

***

ABŞ-la danışıqların nəticəsiz qaldığını bildirən Xameneyi, “Bu, təcrübədir və biz bu təcrübədən dərs almalıyıq. Güzəştlər etdik, danışıqlar apardıq, geri çəkildik, lakin istədiyimiz nəticəni əldə edə bilmədik. Eyni razılaşma bütün çatışmazlıqlarına baxmayaraq, qarşı tərəf tərəfindən pozuldu. Belə bir ABŞ administrasiyası ilə danışıqlar nə qürurvericidir, nə də aparılmamalıdır, ".

***

Ağ Evə sərt mesajlar verən Xameneyi, “ABŞ dünya xəritəsini kağız üzərində dəyişməyə çalışır, amma bunun reallığı yoxdur. O da bizim haqqımızda danışır, şərhlər, təhdidlər edir. Əgər bizi təhdid etsələr, biz də onları təhdidlə cavab verəcəyik. Əgər bu təhdidi həyata keçirsələr, biz də eynisini edəcəyik. Xalqımızın təhlükəsizliyinə hücum etsələr, çəkinmədən milli təhlükəsizliklərinə hücum edəcəyik, – deyib.

***

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-ın İranın Çinə xam neft nəqlini asanlaşdıran beynəlxalq şəbəkəyə sanksiya tətbiq etmək qərarını pisləyib.

Bekayi açıqlamasında, “ABŞ-ın yeni administrasiyasının İranın iqtisadi tərəfdaşları ilə qanuni ticarətinə maneçilik törədərək xalqımızı sıxışdırmaq qərarı qeyri-qanunidir və beynəlxalq hüquqa ziddir. Bu addım ABŞ-ın üzərinə beynəlxalq məsuliyyət qoyur. İran bu təktərəfli və zülmkar təşəbbüslərin nəticələrinə görə ABŞ-ı məsuliyyət daşıyır”, – deyib.

***

ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və neft ixracatını dayandırmaq üçün həyata keçirdiyi “maksimum təzyiq” siyasətini canlandıracaq fərman imzalayıb. ABŞ Maliyyə Nazirliyi İran xam neftinin Çinə daşınmasını asanlaşdıran beynəlxalq şəbəkəyə sanksiya tətbiq edəcəyini açıqlayıb. Bu çərçivədə Çin, Hindistan və Birləşmiş Ərəb Əmirliklərindəki bəzi şirkətlər və gəmilər sanksiya siyahısına salınıb.

ABŞ Maliyyə Naziri Skott Bessent İranın bu fəaliyyətlərinin qarşısını almaqda qərarlı olduqlarını vurğulasa da, İrana qarşı ilk sanksiyalar Tramp administrasiyası vəzifəyə gəldikdən sonra həyata keçirilib. ABŞ Maliyyə Nazirliyi dünən İran xam neftinin Çinə daşınmasını asanlaşdıran beynəlxalq şirkətə qarşı sanksiyalar tətbiq etmək qərarına gəldiyini açıqlayıb. Sanksiyalar İran Silahlı Qüvvələrini və daha əvvəl sanksiyalara məruz qalmış “Sepehr Energy” şirkətini, bölgədəki bir çox təşkilat və şəxsləri, eləcə də bir neçə gəmini əhatə edir.

Vaşinqton administrasiyası iddia edir ki, İranın neft ticarətindən əldə etdiyi gəlirlər onun nüvə proqramı, ballistik raket istehsalı və bölgədəki silahlı qruplaşmaları dəstəkləmək üçün istifadə olunur.

Seçilən
50
vaxt.az

1Mənbələr