Bakı, 8 fevral, AZƏRTAC
Qazaxıstanda Türk Mədəniyyəti və İrsi Fondunun TİKA və Türk Dünyası Fondunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Divanü lüğat-it-türk” Beynəlxalq sərgisinin açılış mərasimi keçirilib. Sərgi Türk Mədəniyyəti və İrsi Fondunun ikinci Şura Toplantısı çərçivəsində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Divanü lüğat-it-türk” əsərinin Türk dünyasını birləşdirən əsas açar rolunu oynadığını bildirib: “Böyük alim Mahmud Kaşğarinin XI əsrdə yaratdığı “Divanü lüğat-it-türk” sadəcə ədəbi abidə deyil, türk xalqlarının kimliyinin, mədəniyyətimizin, adət-ənənələrimizin əksidir. Həmçinin nəsillər arasındakı əlaqəni simvollaşdırır”.
Sərginin açılışında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, xarici işlər nazirinin müavini Alibek Bakayev, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova, Türkiyənin Astanadakı səfiri Mustafa Kapucu, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev və Türk Akademiyasının prezidenti Şahin Mustafayevlə yanaşı, çox sayda qonaq və media nümayəndələri iştirak ediblər.
Sərgi XI əsrin görkəmli türk alimi və mütəfəkkiri Mahmud Kaşğarinin əsərinə - “Divanü lüğat-it-türk”ün 950 illiyinə həsr olunub. Bu sərgi çərçivəsində türkdilli xalqların zəngin mədəni irsini, dil və ədəbiyyatını əks etdirən nadir eksponatlar, tarixi əlyazmalar və XI əsrə aid türklərin mədəni quruculuq aspektinə diqqət çəkən əşyalar təqdim edilib. Modelyer Ezgi Karayelin “Divanü lüğat-it-türk”dən ilhamlanan, xüsusi dizayn etdiyi qadın və kişi geyimləri də ziyarətçilər üçün sərgilənib.
Xatırladaq ki, “Divanü lüğat-it-türk” əsərinin yaranmasının 950 illiyi münasibətilə, eləcə də sözügedən əlamətdar hadisənin 2024-2025-ci illərdə UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilməsi ilə əlaqədar Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən 2024-cü il dekabrın 13-də Parisdə, UNESCO-nun mənzil-qərargahında “Dünyanın leksikoqrafiyada xəritələşdirməsi: Divanü lüğat-it-türk” əsərinin 950 illik yubileyi” adlı beynəlxalq konfrans və sərgi təşkil olunub.