AZ

Harri Keyn Almaniya Bundesliqasının rekordunu təkrarladı

Almaniya Bundesliqasının 21-ci turunda “Verder”ə qarşı ev oyunu “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Keyn “Bayern”in 3:0 hesablı qələbəsinə hər birini penaltidən vurduğu dübarə qolla öz töhfəsini verib.

Beləliklə Keyn bir mövsüm ərzində Almaniya Bundesliqasında penaltidən vurulmuş qollar üzrə rekordu təkrarlayıb – 9 dəqiq zərbə. İndi Keynə mütləq rekorda nail olmaq üçün “nöqtə”dən hədəfi cəmi bircə dəfə dəqiq vurmaq kifayətdir.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 28 oyuna çıxıb, 28 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 73 oyun, 72 qol və 22 məhsuldar ötürmədən ibarətdir.

Keyn 21 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında 7 məhsuldar ötürmə də var.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində komanda səviyyəsində hələ, bir qənimət belə, qazana bilməyib.

Seçilən
64
2
arena.az

3Mənbələr