AZ

Almaniya Kansleri Olaf Şolts və Birlik partiyalarının namizədi Fridrix Merts canlı teledebatda iştirak edəcəklər

Berlin, 9 fevral, AZƏRTAC

Almaniya Kansleri fevralın 23-də keçiriləcək növbədənkənar parlament seçkilərində Sosial Demokrat Partiyasının (SPD) əsas namizədi Olaf Şolts və Xristian Birlik (CDU/CSU) partiyalarının Kansler vəzifəsinə namizədi Fridrix Merts canlı teledebatda iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, ARD və ZDF kanallarında birbaşa yayımlanacaq proqram Almaniya vaxtı ilə saat 20:15-də (Bakı vaxtı ilə saat 23:15) başlayacaq.

Teledebatda əsas müzakirə mövzularının son vaxtlar ölkə gündəmində ilk sırada yer alan miqrasiya siyasəti, ifrat sağa qarşı yanaşma, Almaniya iqtisadiyyatının üzləşdiyi çətinliklər, Rusiya-Ukrayna müharibəsi və digər məsələlərin olacağı gözlənilir.

Qeyd edək ki, Fridrix Mertsin təmsil etdiyi Xristian Birlik partiyaları rəy sorğularında 30 faizlə ilk sırada yer alıb. Koalisiyalı hökumətin başçısı Olaf Şolts isə 15-17 faizlə üçüncü sırada qərarlaşıb. Seçkiqabağı reytinqlərdə ikinci yerdə ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) namizədi Alis Vaydel (21 faiz) durur.

Fridrix Mertsin miqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan təklif və qanun layihəsini bir neçə gün əvvəl Bundestaqda səsverməyə çıxarması və AfD-nin də dəstəyini alması ölkədə gərgin siyasi mübahisələrə və etirazlara səbəb olub.

Olaf Şolts bununla əlaqədar Fridrix Mertsi AfD ilə hər cür əməkdaşlıqdan imtina edilməsi barədə “Yanğın divarı” (Brandmauer) prinsipini pozmaqda ittiham edərək artıq ona güvənə bilməyəcəyini açıqlamışdı.

Fridrix Merts ifrat sağla əməkdaşlığa dair ittihamları rədd edərək, AfD ilə heç bir əməkdaşlıq qurmayacağını və ya koalisiyada yer almayacağını bəyan edir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
47
50
azertag.az

10Mənbələr