AZ

“Atam-anam inanmırdı ofisiant oğulları zəngin olacaq”

İlk addımlarını ofisiant kimi atan Rauf Hüseynov hazırda xaricdə şəxsi biznesini qurub. Lakin onun planlarında yeni, daha iddialı layihələr var.

Apress.az xəbər verir ki, media.az-a müsahibə verən gənc iş adamı bildirib ki, onun uğurunun sirri özünəinam və pozitiv olmaqdır.

Rauf evdən qaçması, Taylanda köçmək qərarı, maraqlı səyahətlər haqqında danışıb və gələcək planları barədə məlumat verib:

“Mən Xachmaz şəhərində doğulmuşam və ailənin tək övladı idim. Kiçik yaşlardan musiqiyə həvəsim olub və musiqi məktəbində oxumaq istəyirdim, amma atam buna icazə vermirdi.

Düzünü desəm, hər məslə barəsində öz fikrim vardı (gülür). Məsələn, beşinci sinfə keçəndə artıq hiss edirdim ki, bizim təhsil sistemimiz şagirdləri lazımsız məlumatlarla yükləyir. O zamanlar bilmirdim ki, ABŞ-də uşaqlar ibtidai təhsil pilləsindən orta təhsil pilləsinə keçəndə yalnız ixtisaslaşmış fənlər üzrə təhsil alırlar. Başqa sözlə, yalnız gələcək peşələri üçün lazım olan fənləri öyrənirlər. Mənə qəribə gəlirdi ki, niyə vaxtımı faydasız məlumatları əzbərləməyə sərf etməliyəm.

Lakin valideynlərim həmişə mənə təzyiq edirdi, çox çalışmağımı tələb edirdilər. Onlar istəyirdilər ki, mən tibb fakültəsinə daxil olub stomatoloq olum. Amma mənim içimdə bir hiss var idi ki, bu mənim yolum deyil – mən yaradıcı insanam, musiqiçi olmaq və çox səyahət etmək istəyirdim (gülür).

Bu təzyiqə dözməyərək 15 yaşımda Bakıya qaçdım. O zaman məni ən çox dəstəkləyən xalam oldu. Biz onunla çox oxşayırıq, o da həmişə həyatı proqressiv baxışlarla görürdü. Buna görə də ilk vaxtlar ailəmdən gizlənib onun yanında qalırdım. Əlbəttə, böyüyüb başa düşdüm ki, valideynlərə belə sərt yanaşmaq düzgün deyil. Lakin gənclikdə biz adətən yaxınlarımızı çox düşünmürük.

18 yaşıma kimi ofisiant işlədim, sonra hərbi xidmətdə oldum. Əsgərlikdən sonra restoran sahəsində işləməyə davam etdim, amma artıq açıq məqsədim vardı – öz işimi qurmaq. Lazımi məbləği yığdıqdan sonra ofis kirayələdim və gözəllik salonu açdım. Burada mənimlə Gürcüstandan gələn istedadlı bir stilist işləyirdi, o da sonradan yaxın dostum oldu.

Az müddət sonra anlamağa başladım ki, bu salon da mənə heç bir məmnunluq hissi gətirmir, dəyişiklik istəyirdim. Bir müddət Sankt-Peterburqda (Rusiya) yaşadım, amma çox keçmədən anladım ki, bu, mənim şəhərim deyil.

O dövrdə dostlarımdan biri Vyetnamda idi. O, turizm sahəsində çalışırdı və onun “Instagram” postlarını izləyərək başa düşdüm ki, bu məni ciddi şəkildə cəlb edir. Ona bu sahəyə necə gəldiyini soruşdum. Dostum hər şeyi izah etdi və mənə Türkiyədə işləməyə başlamağı tövsiyə etdi.

O, mənim üçün onların şirkətinin rəhbəri ilə onlayn müsahibə təşkil etdi. Söhbət zamanı o, fəal və əyləncəli insanlara ehtiyacları olduğunu qeyd etdi, mən də sadəcə gitara götürüb oxudum (gülür). Nəticədə məni işə qəbul etdilər və beləliklə, turizm biznesinə daxil oldum. Bəzən düşünürəm ki, əgər gitara olmasaydı, bəlkə də mənə iş verilməzdi, çünki bu sahədə heç bir təcrübəm yox idi.

Əvvəlcə altı ay Türkiyədə bələdçi işlədim, sonra daha altı ay Dominikan Respublikasında. Ümumilikdə, mənə uzun müddət Türkiyə, Dominikan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Taylandda işləmək nəsib oldu.

Taylandda ilk təəssüratlar dəhşətli idi (gülür). Sonra isə mən bütün qəlbimlə bu ölkəni sevdim. Burada sehr, azadlıq və dostluq atmosferi hökm sürür. Digər ölkələrdən fərqli olaraq, burada cəmiyyət daim sosial gözləntilərin təzyiqi altında deyil. Sakinlər ətrafdakıların gözündə müəyyən bir imic yaratmaq üçün bahalı avtomobillər və evlər almırlar, hər günü zövqlə yaşamağa çalışırlar.

Hər il Bakıya gəlməyi çalışıram, orada çoxlu dostlarım var. Taleyim elə gətirdi ki, 16 yaşımda atam vəfat etdi. Sonra anam yenidən ailə qurdu. Ögey atam da çox gözəl insandır. İndi onlar Gürcüstanda yaşayırlar.

Seçilən
18
apress.az

1Mənbələr