Azərbaycan son 30 ildə adambaşına düşən gəliri 60 dəfə artıraraq orta gəlirli ölkəyə çevrilib.
Bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bankın 2024-cü il üzrə illik qlobal "Dünyanın İnkişafı haqqında Hesabat"nın (WDR) təqdimatı zamanı bildirib.
“1993-cü ildə Azərbaycanda adambaşına düşən gəlir cəmi 110 ABŞ dolları təşkil edirdi. 2023-cü ildə bu göstərici Atlas metodu ilə hesablanaraq 6,66 min ABŞ dollarına çatıb. Azərbaycan bu nəticəyə nail olmaq üçün təbii resurslarından uğurla istifadə edib və bu, şübhəsiz ki, təsiredici nailiyyətdir”, - deyə o qeyd edib.
R.Prays əlavə edib ki, Azərbaycanın hədəfləri daha yüksəkdir: “Yüksək gəlirli ölkəyə çevrilmək üçün təkcə fiziki infrastruktura investisiya yetərli deyil. İnsan kapitalının inkişafı, istedadların ölkədə saxlanılması və iqtisadi diversifikasiyanı təşviq edəcək institutların gücləndirilməsi vacibdir”.
©report