Bakıda fəaliyyət göstərən məktəblərdə uşaqlara konfet görüntülü narkotik vasitələrin paylanılması ilə bağlı iddialar yayılıb. 1news.az xəbər verir ki, bununla əlaqədar valideyn qruplarında çoxsaylı məlumatlar paylaşılır və geniş müzakirələr aparılır. İddialara əsasən, naməlum şəxslər azyaşlıları aldadaraq onlara ayı balası formasında olan rəngli konfetlər verirlər. Bildirilir ki, bu konfetlər əslində təhlükəli narkotik maddələr olub, şagirdlərə ciddi zərər verə bilər. Sosial şəbəkələrdə yayılan mesajlarda vurğulanır ki, bu maddələr şagirdlər arasında asılılıq yaratmaq üçün xüsusi olaraq hazırlanıb və şirin dada, xoş qoxuya malikdir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı 1news.az-a bildirib ki, sosial şəbəkələrdə ölkə ərazisində məktəblərdə şagirdlərə narkotik vasitə təklif edilməsi ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir:
“Polis əməkdaşları tərəfindən bu paylaşım tam və hərtərəfli araşdırılıb, müəyyən olunub ki, həmin paylaşım xarici ölkələrdən birinə aid internet resurslarında yayılıb”.