AZ

“Yüksəliş” müsabiqəsinin tələbə mentorluq proqramının açılış mərasimi keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) “Yüksəliş” müsabiqəsinin tələbə mentorluq proqramının rəsmi açılış mərasimi baş tutub.

Müsabiqənin Təşkilat Komitəsindən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə BANM-in rektoru Elmar Qasımov tələbələrin karyeralarında uğur qazanacaqlarına əminliyini ifadə edib. O, tələbə mentorluq proqramının gənclərin inkişafında mühüm rol oynadığını vurğulayaraq iştirakçılara fəal olmağı və əldə edilən biliklərdən maksimum faydalanmağı tövsiyə edib. Görüş zamanı mentorluq proqramının məqsədləri, tələbələr üçün yaradılan imkanlar istiqamətində müzakirələr aparılıb. Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev karyera inkişafında mentorluğun əhəmiyyətini qeyd edib və uğur qazanmağın əsas prinsipləri haqqında danışıb. O bildirib ki, akademik biliklərlə yanaşı, praktiki bacarıqların və peşəkar əlaqələrin qurulması da karyera yolunda mühüm rol oynayır.

Tədbir çərçivəsində mentorluq proqramında iştirak edəcək tələbələr və mentorları olacaq “Yüksəliş” müsabiqəsinin qalibləri arasında bölgülər elan edilib. Qaliblər tələbələrlə fərdi və qrup formatında işləyəcək, onların peşəkar və şəxsi inkişafına dəstək göstərəcəklər. Mentorlar tələbələrə karyera planlaması, liderlik bacarıqlarının inkişafı, effektiv ünsiyyət və problem həlletmə qabiliyyətlərinin formalaşması istiqamətində yol göstərəcəklər. Eyni zamanda, tələbələrin potensialını üzə çıxarmaq və onların gələcəkdə uğurlu karyera qurmasına dəstək olmaq məqsədilə mütəmadi görüşlər və təlimlər təşkil edəcəklər.

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və mentorluq proqramında iştirak perspektivləri müzakirə olunub.

Qeyd edək ki, ikinci dəfə keçirilən tələbə mentorluq proqramının ilk mərhələsi 2023-2024-cü illərdə müvəffəqiyyətlə tamamlanıb.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Xatırladaq ki, Azərbaycan Prezidenti beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı 2024-cü il dekabr 18-də Sərəncam imzalayıb.

Seçilən
35
6
tehsil.biz

7Mənbələr