AZ

Azərbaycan Karate Federasiyasının rəsmisi: “Avropa çempionatında qazandığımız medalların əyarı daha yüksək ola bilərdi"

Polşada qazandığımız medalların əyarı daha yüksək ola bilərdi.

Bunu “Report”a açıqlamasında Azərbaycan Karate Federasiyasının (AKF) baş katibi Qabil Sayadov millinin Polşanın Byelsko-Byala şəhərində yeniyetmə, gənclər və U-21 yaş kateqoriyaları arasında 52-ci Avropa çempionatında (WKF / idman karatesi) qazanılan nəticə haqqında danışarkən deyib.

Qurum rəsmisi şanssızlıqla üzləşdiklərini vurğulayıb:

“Avropa çempionatına daha böyük nəticə əldə edə biləcək idmançılarla gəlmişdik. Medalların əyarı daha yüksək ola bilərdi. Lakin bir gümüş, iki bürünc medalla kifayətləndik. İki idmançımızın ciddi zədəsi var idi. Hansı ki, onlar da medala namizəd idilər. Bir az da şanssızlıq oldu. Yarışda iştirak edən 48 ölkə arasında 22-ci yeri tutduq”.

O, nəticələri qənaətbəxş sayıb və qarşıdakı hədəflərlə bağlı düşüncələrini bölüşüb:

“Gözləntilərimizin daha yüksək olmasına baxmayaraq, nəticə qənaətbəxşdir. Çempionat yüksək səviyyədə təşkil olunmuşdu. Bəzi ölkələr ümumiyyətlə medal əldə edə bilmədilər. Biz həmişə ön sıralarda olmuşuq. Qarşıda bizi İslam Həmrəylik Oyunları, MDB Oyunları, dünya çempionatı kimi mötəbər yarışlar gözləyir. Bu turnirlərdə daha yaxşı nəticələr qazanacağımıza ümid edirik”.

Qeyd edək ki, Azərbaycan millisi Polşada 3 medal qazanıb. Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş, 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş, 57 kq) isə bürünc medala yiyələnib.

Seçilən
7
report.az

1Mənbələr