AZ

Florensiyada “İnter”in 18 oyunluq seriyası qırıldı - İCMAL

Fevralın 6-da A seriyasında 14-cü turdan təxirə salınan bir oyun keçirildi.

Florensiyadakı matçda bir qədər gözlənilməz nəticə qeydə alındı.

Xatırladaq ki, “Fiorentina” və “İnter” ötən il dekabrın 1-də bu şəhərdə qarşılaşmış, lakin matç hesab 0:0 olarkən 16-cı dəqiqədə dayandırılmışdı. Buna meydan sahiblərinin yarımmüdafiəçisi Bovenin huşunu itirərək qazona yıxılması səbəb olmuşdu. Müzakirələr nəticəsində matçın qeyri-müəyyən müddətə təxirə salınması qərara alınmışdı. Xoşbəxtlikdən Bove həyati təhlükəni arxada qoymuşdu. Amma bu da var ki, 22 yaşlı futbolçu indiyədək yaşıl meydana qayıtmayıb.

Dekabrın əvvəlində yüksəlişdə olan “Fiorentina” sanki gənc Edoardonun başına gələn qorxunc hadisədən böyük sarsıntı keçirdi: zarafat deyil, Raffaele Palladinonun komandası A seriyasında meydana çıxdığı növbəti 9 oyundan yalnız üçündə qələbə qazana bilmiş, İtaliya kubokunda mübarizəni dayandırmışdı. Amma “Latsio” və “Cenoa” üzərində qazanılan 2:1 hesablı son qələbələr florensiyalıların psixoloji durumunun normallaşmasından xəbər verirdi. Milanlılar Florensiyada keçirdikləri əvvəlki 5 oyunda 4 qələbə və 1 heç-heçəyə nail olmuşdular. Buna baxmayaraq, matçın istənilən halda “İnter” üçün asan keçməyəcəyi aydın idi. Əsas səbəb son çempionun ilin əvvəlindən İtaliya superkuboku, A seriyası və Çempionlar Liqasında həddən artıq oyun keçirməsi ilə bağlı idi. “Fiorentina” isə Konfrans Liqasının əsas mərhələsindəki çıxışını ötən ilin dekabrında uğurla başa vurmuşdu.

Cümə axşamı 17-ci dəqiqədən davam edən matçın əvvəli qonaqların üstünlüyü ilə keçdi. Auqusto hətta qapıya yol tapdı, lakin qol ofsayda görə qeydə alınmadı. Fasiləyəqədərki mübarizədə Ken ilə Dodonun hesabı açmağa yaxın olduqları epizodlar da yadda qaldı. “İnter” ikinci hissədə də topa daha çox nəzarət etməklə rəqib müdafiəsini yarmağa çalışdı. Ev sahibləri isə əks-hücumlarda güclü rəqibinə divan tutdular: Ranyeri hesabı açdı, Ken isə iki qol vurmaqla çempionun darmadağınını təmin etdi. Palladinonun komandası güclü rəqibinə taktiki cəhətdən qalib gəlməklə xalını 42-yə artıraraq 4-cü yerə yüksəldi. Çempionatda 18 oyunluq (13 qələbə, 5 heç-heçə) məğlubiyyətsiz seriyası qırılan “İnter” isə potensial şərikli lider statusunu itirdi. Simone İnzaqinin komandası indi lider “Napoli”dən real şəkildə 3 xal geri qalır.

Yeri gəlmişkən, çempionun 0:3 hesablı məğlubiyyətin əvəzini tezliklə çıxmaq şansı var: A seriyasının təqviminə əsasən, komandalar fevralın 10-da Milanda yenidən qarşılaşacaqlar...

14-cü turdan təxirə salınan oyun
Fiorentina – İnter 3:0
Ranyeri, 60. Ken, 68; 89. (22351)
Fiorentina: De Xea, Qosens (Kolpani, 88), Ranyeri, Komutso, Dodo, Adli (Mandraqora, 17), Ponqraçiç, Bove (Parizi, 17), Beltran (Kataldi, 90+1), Riçardson, Ken (Kaprini, 90+2).
İnter: Zommer, Dyumfris, Bissek, De Vrey, Bastoni (Dimarko, 69), Auqusto (Asllani, 82), Mxitaryan (Barella, 69), Çalhanoğlu (Arnautoviç, 69), Frattezi (Taremi, 82), Lautaro Martines, Türam.
1. Napoli – 54. 2. İnter - 51. 3. Atalanta – 47. 4-5. Fiorentina, Latsio - 42...
Bombardir: Retegi (Atalanta) – 16.

Seçilən
27
football-plus.az

1Mənbələr