Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6 milyon 850,2 min baş qoyun və keçi, 2 milyon 459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən, 1 milyon 223,1 min baş inək və camış mövcud olub. 2025-ci il yanvarın 1-i vəziyyətinə donuzların sayı 3 103 baş olub. Bu rəqəmlər ötən illə müqayisədə azdır.
FED.az xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, son dövrlərdə ölkədə iri və xırdabuynuzlu heyvanların sayında kəskin azalmasının bir çox səbəbləri var.
"Bu səbəblərdən birincisi ölkədə əhalinin artımıdır. Belə ki, son 10 ilin statistikasına baxsaq, ölkədə heyvan kəsimi 20% artıb. Lakin saxlanılan heyvanların sayı isə azalıb. Əvvəllər kənddə yaşayan insanlar heyvan saxlayırdılar. Son illərdə böyük şəhərlərə köç səbəbindən heyvan saxlayanların sayında ciddi şəkildə azalma var.
Təbii otlaqların da sayı azalıb. Belə ki, həyət evlərinin tikintisinin çoxalması, şoranlaşma əkinçilik, bağçılıq məqsədilə ərazilərin hasarlanması otlaqların azalmasına səbəb olan əsas amillərdir. Heyvanların qidalanması üçün fərdi ev təsərrüfatı məcbur qalıb yem alır ki, bu xərclərin artımıdır.
Əslində, bahalaşma tələbatı aşağı salmalıdır. Lakin bahalaşma fonunda insanlar kifayət qədər ət alırlar. Ümumiyyətlə, heyvandarlıq çox ağır sahədir. Ona görə də çox adam bu sahə ilə məşğul olmaq istəmir.
İribuynuzlu heyvan təsərrüfatlarının damazlıq saxlaması üçün sahələri yoxdur ki, yem bazalarını formalaşdırsınlar. Yem qiymətlərinin son üç ildə bahalaşmasına görə hətta damazlıq heyvanları da kəsimə göndərirlər. Bu da növbəti illərdə damazlıq heyvanların və bazara təklif olunan ətin azalmasına səbəb olur", - o qeyd edib.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirib ki, xırdabuynuzlu heyvanların saxlanılması üçün lazım olan örüş yerləri iqlim dəyişməsi nəticəsində məhv olur.
"Belə olduqda heyvanları yemləmə məcburiyyəti yaranır. Yemi almaq da xırdabuynuzlu heyvandarlıqda ətin maya dəyərini yüksəldir. Xırdabuynuzlu heyvanların quzu dediyimiz dönəmlərdə kəsilməsi bazara ət təklifini azaldır.
Ümumiyyətlə, iribuynuzlu, xırdabuynuzlu heyvanların baş sayının bərpası üçün damazlıq təsərrüfatı yaradılmalı və subsidiyalar ayrılmalıdır".
Heyvandarlıqla məşğul olan Arif Yusifli bildirib ki, iqlim dəyişiklikləri heyvandarlıq üçün əlverişsiz şərait yaradır.
"Quraqlıq, otlaq sahələrinin azalması, su mənbələrinin tükənməsi kimi faktorlar heyvanların yem təminatını çətinləşdirir. Bu da məhsuldar heyvanların azalmasına səbəb ola bilər. Kənd təsərrüfatı sahəsinə marağın azalmış olması, xüsusilə gənc nəsil arasında heyvandarlıqla məşğul olmağa marağın azalması, kənd təsərrüfatına olan investisiyaların az olması bu sektorda fəaliyyət göstərənlərin sayının azalmasına gətirib çıxara bilər".
A.Yusifli bildirib ki, heyvanlar arasında yayılan xəstəliklər və epidemiyalar da heyvanların sayını azaldan amillərdəndir.
"Xüsusilə epidemiyaların vaxtında qarşısının alınmaması və müalicə üçün müvafiq tədbirlərin görülməməsi bu sahəyə böyük ziyan vurur. Bütün bu amillər bir yerdə toplanaraq, ölkədə iri və xırdabuynuzlu heyvanların sayında azalmaya yol açır", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda mal ətinin qiyməti 15-17 manat, qoyun ətinin qiyməti isə 20-22 manat arasında dəyişir. (Trend)