AZ

Ruben Vardanyanın məhkəməsi: Etiraz baxılmamış saxlanıldı

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 10-da davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillərlə təmin olunub.

Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

Ruben Vardanyanın müdafiəçisi, vəkil Avraam Berman hüquqlarını qoruduğu təqsirləndirilən şəxslə konfidensial görüş üçün şərait yaradılmasına dair vəsatət verib. Məhkəmə vəsatəti təmin edib, təqsirləndirilən şəxsə vəkili ilə konfidensial görüş üçün şərait yaradıb və bununla bağlı məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra məhkəmə iclası davam etdirilib.

Sədrlik edən hakim məhkəmə prosesinə yeni tərcüməçilərin cəlb olunduğunu elan edib. İttiham və müdafiə tərəfi məhkəmə baxışına yeni cəlb olunan tərcüməçilərin iştirakına etiraz etməyib.

Daha sonra Ruben Vardanyan tərəfindən qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz edib.

Təqsirləndirilən şəxsin vəkilləri etirazı müdafiə ediblər.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret halları müəyyən edilib və bu etiraz əsaslandırılmalıdır.

Eyni zamanda, qanunvericiliyə əsasən, hakimin cinayət təqibində maraqlı olmasını təsdiqləyən konkret və mötəbər sübutlar olduqda etiraz etmək olar. Prokuror deyib ki, prosesin hazırkı mərhələsində müdafiə tərəfi məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret sübut təqdim etmədiyindən etiraz baxılmamış saxlanılmalıdır.

Zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov və məhkəmədə iştirak edən digər zərərçəkmiş şəxslər də etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.

Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

R.Vardanyanın vəkili məhkəməyə müraciət edərək müdafiə etdiyi təqsirləndirilən şəxslə konfidensial görüş üçün yenidən şərait yaradılmasını xahiş edib. Hakim konfidensial görüş üçün şərait yaradıb.

Seçilən
42
47
aznews.az

10Mənbələr