"Ağır və mübarizəli matç izlədik. Oyun daha çox mərkəzdə gedirdi. Üstünlük bir tərəfdən digərinə keçirdi".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 22-ci turunda bu gün "Neftçi" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
"Neftçi"nin 2:1 hesabı ilə qalib gəldiyi matçda qollar 88, 90+1 və 90+3-cü dəqiqədə vurulub. R.Sadıqov dramatik sonluiqla bitən matçı belə şərh edib: "75-ci dəqiqədən sona qol vurmağa yaxın olan biz idik. Standart vəziyyətlərin davamında qollar buraxırıq. Böyük qüvvə ilə irəli atılıb, hesabı bərabərləşdirdik. O dəqiqələrdə hücum etsən, bir qolla nəticələnməz, amma qapımızda iki epizod qolla nəticələndi. Rəqibi təbrik edirəm. Məğlub olmaq limitimiz var idisə, bu turda oldu. Başımızı dik tutmalıyıq. Ağır və acı məğlubiyyətdir. 0:1 hesabı ilə uduzsaydıq, bəlkə belə ağır olmazdı. Təəssüf ki, məğlub olduq. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm".
R.Sadıqov "Neftçi"nin onlara qarşı prinsipial yanaşdığını qeyd edib: "Futboldur. Ola bilər hansısa rəqib kimin üçünsə prinsipial olsun. Burada olduğum dönəmdən “Neftçi” bizə qarşı prinsipial olub. Samir Abasovun dönəmində olub ya əvvəl... 4,5 ildir buradayam. 2:0 udduğumuz matç bir balaca asan keçdi. Onda "Neftçi"nin performansı aşağı idi. İki il bundan əvvəl Samir Abasovun dönəmində "Neftçi" üzərində qələbə qazansaq, üçüncü olacaqdıq. Burada çox prinsipial görüş keçdi. Qarşımda fərqli "Neftçi" gözləmirəm. Futbolçulara da demişdim ki, digər oyunlarda "Neftçi"ni necə görürsüz, bilmirəm, amma bizimlə fərqlidir. Oyunlarımız prinsipial keçir. Ola bilər ki, bizə qarşı oynamaq maraqlıdır".
O, "Bu rəqibin prinsipiallığı Rəşad Sadıqovun ad və soyadına görə ola bilər?" sualını belə cavablandırıb: "Düşünmürəm. Orada bəlkə də 90 faiz insan məni tanımır. Bu məqamlar bizi daha da gücləndirməlidir. 90-cı dəqiqəyə qədər qələbəyə yaxın biz idik. Ədalətli nəticə 0:0 olardı. Avorkuboklardan bu yana belə qollar buraxmışıq. Hesabı bərabərləşdirdik. Amma qoruyub-saxlaya bilmədik".
R.Sadıqov Eldar Quliyevin son vaxtlar meydana çıxmamasının səbəbini də izah edib: "Virus yayılanda xəstələnmişdi. 15-20 gün hərarəti yüksək oldu. Zədəlilərimiz var. Davit Volkov qışda xəstələnmişdi, tam sağalmamışdı. Hücum xəttində disbalans yaşayırıq".