AZ

Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq - RƏY

Tramp Azərbaycan və Ermənistan liderlərini Ağ Evə dəvət edərək danışıqlarda öz iştirakını təklif edə bilər

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə sülh prosesindən danışıb. Baş nazir deyib ki, Azərbaycan və Ermənistan arasındakı problemlərin həll yolları masa üzərindədir, bunlar iki ölkənin nümayəndələrinin birgə işi nəticəsində yaranıb. Baş nazir qeyd edib ki, sülh müqaviləsinin artıq razılaşdırılmış maddələri nəinki bir-birinə qarşı ərazi iddialarının olmaması, hətta gələcəkdə belə iddialarla çıxış etməmək məsələsini də əsaslı şəkildə həll edib. Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması və bundan əvvəl qəbul edilmiş Praqa bəyanatı ərazi iddiaları məsələsini tamamilə yekunlaşdırır: “Sülh müqaviləsinin razılaşdırılmış hissəsi imzalanmaq üçün yetkindir. Həmçinin Ermənistan razılaşdırılmamış iki maddə üzrə həll yolları təklif edərək Azərbaycandan müsbət cavab gözləyir”. Paşinyan əlavə edib ki, Ermənistan Azərbaycana qarşılıqlı silahlanma nəzarəti mexanizmlərinin yaradılması və sərhəd insidentlərinin birgə araşdırılması, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu daşımalarının həyata keçirilməsi ilə bağlı yazılı təklif göndərib. Ermənistan rəhbəri diqqətə çatdırıb ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyalar normal və konstruktiv işləyir: "Bu günlərdə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında görüş keçirilib. Bütün bunlar o deməkdir ki, regionda eskalasiya üçün heç bir zəmin yoxdur, üstəlik, sülh üçün bütün zəminlər yaradılıb”. 

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində dinamika var. Ekspertin sözlərinə görə, Paşinyan siyasi və hüquqi dəyişikliklərə getməlidir: 

"Sülh müqaviləsinin hansı ölkədə imzalanması sual olaraq qalır. ABŞ Prezidenti D.Trampın Nobel Sülh Mükafatı almaq planı var. Tramp Azərbaycan və Ermənistan liderlərini Ağ Evə dəvət edərək, sülh müqaviləsinin bağlanmasında öz iştirakını təklif edə bilər. ABŞ Kəşfiyyat Mərkəzinin kölgəsi olan "Startfor" Analitik Təhlil Mərkəzi Trampın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə diqqət ayıracağını qeyd edib. Sülh prosesi uzanarsa, Tramp iki ölkə arasındakı proseslərə qoşula bilər. Rusiyanın xarici işlər nazirinin müavini M.Qaluzin Qərb platformasında Ermənistan və Azərbaycan arasında istənilən tələsik sənədin imzalanmasının əleyhinə olduqlarını deyib. Bununla, Rusiya rəhbərliyi öz kurasiyasından kənar istənilən sülhü təhdid hesab etdiyini açıq şəkildə bəyan edir. Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi istiqamətində irəliləyişlərin əldə edilməsi fonunda Rusiyadan verilən mesaja rəsmi Bakı öz etirazını bildirməlidir. Qeyd edilməlidir ki, sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq. Qaluzin Azərbaycan və Ermənistanı Rusiyanın vasitəçiliyi ilə yenidən danışıqlar masasına oturmağa çağırır". 

Siyasi şərhçi vurğulayıb ki, son dörd ildə Rusiyanın iştirakı ilə əldə olunan üçtərəfli razılaşmalar kağız üzərində qalıb: 

"Yalnız Azərbaycan Ermənistanla ikitərəfli danışıqlara başlamaqla irəliləyişlər əldə edə bilib. Azərbaycanla Ermənistan arasında danışıqlarda Qərb təmsil olunmur. Türkiyə rəhbərliyi ABŞ və digər Avropa ölkələri ilə danışıqlara girərək digər oyunçuların prosesə müdaxiləsinə imkan vermir. Artıq Türkiyə ilə Ermənistan arasında da danışıqlar gedir". 

Seçilən
24
sherg.az

1Mənbələr