Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi vurulduqdan sonra Rusiyanın hakimiyyət dairələrində bir qədər aqressivlik müşahidə olunur. Rusiya Azərbaycandan üzr istəmək əvəzinə ölkəmizə qarşı kampaniya aparır. Son vaxtlar Rusiyanın hakim dairələrində Azərbaycana qarşı səslənən fikirlər rəsmi Moskvanın anti-Azərbaycan siyasətindən xəbər verir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqıama verən deputat Asim Mollazadənin sözlərinə görə, belə bir tərbiyəsiz hərəkət ilk növbədə onu göstərir ki, Rusiya yavaş-yavaş Sovet İttifaqına qayıtmaq istəyir:
“Moskva qonşulara qarşı aqressiv mövqe tutmaqla həm də imperya siyasətini davam etdirir. Söhbət təkcə Azərbaycan təyyarəsindən getmir. Baxın Ukraynada hər gün uşaqları, qadınları qətlə yetirirlər. Rusiya dünya üçün xüsusi qorxu mənbəyidir. Avropa ölkələrinə, Baltikyanı dövlətlərə hədə-qorxu gəlir. Rusiya istəyir ki, hörmət olunmasa da, ondan qorxsunlar. Ona görə də, ətrafa qorxu saçır. Çox təhlükəli siyasətdir. Dünya artıq məcbur olub Rusiyaya qarşı birləşəcək. Rusiyanı izolyasiya etməsələr, onu cilovlamasalar qarşısıalınmaz təhlükələr baş verə bilər”.
Millət vəkili Rusiya mətbuatının Azərbaycan əleyhinə kampaniya aparmasına da toxundu və bildirdi ki, bu kampaniyanın arxasında dayanan Rusiya dövlətidir:
“Rusiyada hər şey dövlət səviyyəsində həyata keçirilir. Rusiyada mətbuat özbaşına nəsə yaza bilmir. Eyni zamanda hakim partiyanın deputatlarının tərbiyəsiz hərəkətləri də həmin siyasətin bir hissəsidir. Hər şey orada dövlət səviyyəsindədir. Bu, Rusiya dövlətinin strategiyasıdır. Putin bəyan etmişdi ki, Sovet İttifaqını bərpa edəcək və hamını yenidən öz təsiri altına alacaq. O, hamıya hədə-qorxu gəlir. Düşünürəm ki, bu məsələyə bütün dünya ciddi yanaşmalıdır. Hər kəs anlamalıdır ki, Rusiya bütün dünya üçün təhlükədir. Rusiya imperyadır və Putin imperya siyasəti aparır”.
Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi Ermənistanda da izlənilir və erməni ekspertlər bu hadisələrlə bağlı geniş şərhlər verirlər. “Bulanıq suda balıq tutmağa” adət edən erməni mətbuatının mövqeyinə toxunan Asim Mollazadə bildirib ki, bu, ermənilərin bizə olan nifrətidir:
“Ümumiyyətlə erməni ideologiyasının əsas məqamı türkə nifrətdir. Onlar türkə problem yarananda həmişə seviniblər. Maraqlısı isə odur ki, bunu özləri bacarmasa da kimdənsə gözləyirlər. Qonşu xalqlara nifrət onların yaşam tərzidir. Onların əlinə imkan düşən kimi nə etdilər? Minlərlə azərbaycanlını qətlə yetirdilər. Bir milyondan artıq soydaşımızı öz yurd-yuvalarından didərgin saldılar. İndi Ermənistanda həyata keçirdikləri etnik təmizləmə haqqında fəxrlə danışırlar. Bu, yeni bir şey deyil. Sadəcə olaraq Azərbaycan həm beynəlxalq hüququ bərpa etdi, həm də Ermənistana öz yerini göstərdi”.
Vəli Həsənoğlu,
KONKRET.az