AZ

Rusiya ilə informasiya dueli

25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Qroznı səmasında “Pantsir” hücumuna məruz qalması, enişinə icazə verilməməsi və Aktau yaxınlığında qəzaya uğramasından sonra Rusiyanın tutduğu inadkar mövqe, məsuliyyətdən yaxa qurtarmaq üçün bütün manipulyasiyalardan istifadə cəhdi, hətta “pilot-dispetçer” danışıqlarının “stenoqrammı” adı ilə bəzi rus media qurumlarının saxtakarlıqları, təhrifləri təbii olaraq əks-reaksiya, qıcıq və əsəb doğurur: çünki bu manipulyasiya və infosaxtakarlıqların koordinasiya edildiyi açıq-aşkardır!

Kreml bütün mümkün və qeyri-mümkün vasitələrlə məsuliyyəti, ən azı, bölüşməyə çalışır və bu zaman pilotların “yanlış seçimi” təəssüratını yaratmaqla faktiki olaraq öz millətindən olan, Azərbaycanın Milli Qəhrəmanı adı alan kapitanın, o cümlədən Azərbaycanla 22 fevral 2022-ci ildə bağladığı strateji sazişə hörmət göstərmir – birincinin nəşinə, ikincinin ruhuna və yaxud ümumiyyətlə, hər ikisinin nəşinə və ruhuna!

Rusiyanın mahiyyəti budur və əslində qeyri-adi heç nə ilə qarşılaşmamışıq: Lex Kaçinski və Donbasda vurulan Malayziya təyyarəsi ən son nümunələrdir. Rusiya tarixən həmişə bu tipli “səhvlərin” məsuliyyətini üzərinə götürməmək prinsipini tətbiq edib və bu siyasətinə də davam edir.

Əksinə, yeganə AZAL-la bağlı baş verən hadisədir ki, Putin iki dəfə Azərbaycan liderinə zəng edərək, üzr istədi – mən Putinin 26-cı ilə keçən hakimiyyəti dövründə analoji üzrxahlığını xatırlamıram.

Əlbəttə, Rusiya bu “üzr”lə də məsələnin qapanmasını çox arzulayardı və çox ümidli idi ki, məsələ bununla da bitətəck. Ancaq Azərbaycan dövləti ədalətin tam bərpasında israr edəcəyini elə bu zənglərin səhəri günü Birinci şəxsin iradəsi ilə ortaya qoydu. Hətta hakimiyyətə yaxın mənbələrin media sızdırması ilə Rusiyaya xəbərdarlıq da edilib-edilir: “Azərbaycan bu məsələni beynəlxalq məhkəməyə çıxarmaqda qərarlıdır”.

Bu informasiyanı “Reuters” də daxil olmaqla, dünyanın ən nüfuzlu media qurumları və agentlikləri də, elə Rusiya KİV-i də geniş tirajladı: yəni mesaj ünvanına çatıb, necə deyərlər, top Rusiyanın meydanındadır.

Rusiyanın beyin mərkəzləri prosesi çox diqqətlə izləyir: həm haqq, ədalət, həm təkzibedilməz sübutlar, həm də hazırda Rusiya ilə təkcə Ukraynada “qaynar” deyil, dünyanın hər yerində “soyuq” və hibrid savaş içində olan Qərb informasiya resursları bizim tərəfimizdədir – çünki öz maraqları bizim maraqlarla üst-üstə düşür.

Bu baxımdan Azərbaycanın “informasiya blokadası” deyə, bir dərdi yoxdur!

Həmçinin dövlət gərəyini yapır: Rusiya mediasında təbliğat savaşının əndazəni aşması qarşılığında XİN xəbərdarlığını vaxtında çatdırır, “Rus Evi”nin timsalında rus təsirinin əl-ayağı yığışdırılır – həm də qanunvericiliyə tam uyğun formada... O qədər ki, Rusiya XİN özü belə “Rus Evi”nin hüquqi baxımdan maneə ilə üzləşdiyini etiraf edib, “sənədlərini yoluna qoymağa” hazır olduğunu rəsmən elan edir.

Yəni: dövlət ərkanı ilə atılan praktik addımların siyasi mesajları anında tam hədəfə çatır və bu peşəkar gedişlərin nəticəsi mütləq bu və ya digər formada özünü yaxşı mənada mütləq göstərəcək.

Amma dövlətin bu praktik, hüquqi, siyasi və strateji yanaşmalarının media ifadəsindəki ciddi boşluqlar, məsələn, Rusiyada yaşayan-işləyən azərbaycanlılara qarşı çağırış və yaxud Rusiya vətəndaşı olan azərbaycanlı milyarderlərin obyektlərinin bağlanması və yainki azərbaycanlılara qarşı etikadan kənar təzyiq çığır-bağırları ilə müşayiət olunur – yəni Putinin də etiraf etdiyi kimi, ayı xarakteri.

Biz media olaraq ona hansı şansı verməməli və ya “ayı xidməti” ilə dolayısı ilə ayıya xidmət etdiyimizin fərqində olmalıyıq.

“Rus Evi”nin qarşısına gedib, “buranın casus yuvası olduğunu sübut edərəm” deməklə təbliğat aparmaq ciddi yanlışlıqdır. Jurnalist yalnız şübhələnə və şübhələrinə cavab almaq istəyə bilər. Əgər jurnalist xüsusi kəşfiyyat əməliyyatları haqda “təkzibedilməz” sübutları ilə meydan oxuyursa, bu artıq faktın “mənbəyinə” diqqətləri cəlb edir. İnformasiya təmsilçisi öz mənbəyini məhkəmədə belə açıqlamamaq hüququna sahibdir. Ancaq bu informasiya naşının əlinə düşəndə, o, “Rus Evi”nin qabağından əlini mənbəyinin cibinə qədər uzadır. Bu, təkcə qeyri-peşəkarlıq deyil, həm də təbliğat uğursuzluğu və rəsmi qurumların, yumşaq desək, manevr imkanlarını kəskin dərəcədə azaltmaq, sərt desək, onlara zərbə vurmaqdır.

Digər tərəfdən, hər ölkənin bir Solovyovu ola bilər. Baxmayaraq ki, Ukrayna Rusiya ilə müharibədədir və artıq Ukrayna rəsmilərindən tutmuş adi siyasilərinə, mediasına və ekspertlərinə qədər, Rusiyanı “söymək” Kiyevdə sıradan bir hadisədir, ancaq heç kim Qordon deyil. Çünki Qordonun statusu tamamilə başqadır.

Azərbaycanda bu status yalnız bir nəfərə məxsusdur və onun ibarəli sancma-atmacalarına oxucu-tamaşaçı vərdiş etdiyindən, “ezopvari” ağır sözlərinin belə “altından” çıxmaq mümkündür. Bu, Mir Şahindir – başqa heç kim!

Mir Şahin bu meydanını əhəmiyyətli dərəcədə azaldıb – kanal sahibi olmaqla. Artıq o, adi jurnalist, müəllif proqramı aparıcısı deyil, Real TV rəhbəridir. Buna baxmayaraq, hüquqi sənədlərdə Real TV-nin adı qarşısında “özəl”, “müstəqil” sözləri var və Mir Şahin istənilən halda bu sözlərə çox rahatlıqla sığına, rəsmilər isə onun sığındığı yerə istinad edə bilər və ictimai baxış da bu məsələdə Mir Şahinin tərəfindədir – axı o, bu ibarəli, tikanlı, ağır ifadələrdən “dünən” istifadəyə başlamayıb. Bu, Mir Şahinin üslubudur – Solovyovun öz, Qordonun öz üslubu olduğu kimi.

Bu “üslubu” dövlət kanalının rəhbərinin mənimsəməsi və bu mövqedən informasiya savaşı aparması ciddi əks-hücuma yol açır. Həm də bilirsinizmi necə?

NATO bu gün olduqca maraqlı bir açıqlama yayıb: Rusiya Ukrayna müharibəsində əldə etdiyi təcrübə əsasında yaratdığı yeni PUA-larla alyans ölkələrinə qarşı müşahidə-kəşfiyyat imkanlarını çox genişləndirib, NATO buna qarşı dayanmaq üçün “yeni texnologiya” hazırlanmasına çağırış edib.

Rusiya həm də informasiya savaşında onillərə dayanan böyük təbliğat təcrübəsinə malikdir. Həm də bu təbliğata uzun müddət hazırlaşıb. Xatırlayıram, bir neçə ilə öncə Rusiya dövlət büdcəsinin “digər xərclər” deyə məxfiləşdirdiyi və açıqlamadığı 35 milyard dollarlıq hissəsinin tam yarısına qədərinin təbliğat savaşına ayırdığı haqda Qərb kəşfiyyat orqanları rəsmi açıqlama yaymışdı. Çox böyük ehtimalla indi bu savaşa ayrılan büdcə daha da artıb.

Qarşımızda hansı büdcəyə, hansı təcrübəyə, hansı manevr imkanlarına və sərhədlərindən kənarda necə bir yayım həyata keçirməyə qadir təbliğatçılar ordusunun olduğunu təsəvvür etməyinizi arzulayardım. Bu böyük maşının qarşısında bəzi dünya gücləri dayana da bilmir, nəticədə rusların yayım hüquqlarını məhdudlaşdırmaqla vəziyyətdən çıxmağa çalışırlar. Ancaq, məsələn, heç də damdabacada yaşamayan bir Karlson bu təbliğatı yerlə bir edə bilir!

İzah edə bildimmi? Yəni İsgəndər-M-i sapandla vurmazlar! 

Media mənsubları bu faktları nəzərə almağa məcburdur. Bu söz dövlət kanalına dəvət edilən müstəqil ekspert tərəfindən səsləndirilərsə, mesaj da ünvanına çatar, məsuliyyət də daşınmaz.

Hər kəs yerində olmalıdır. Mütləq oturduğun yerə və məqama görə davranmalısan və bu, sənin “kiçik”, “orta”, “böyük” dövlət olmağından asılı deyil.

Daşlar yerinə qoyulmalıdır, hər kəs imkanlarını doğru qiymətləndirməlidir, hər kəsdən dövlətimizin maraqları üçün istifadə edilməlidir.

Sonda: Söyüş – zəiflərin, çarəsizlərin, özünü ifadə edə bilməyənlərin “silahıdır”.

İntellekt, ağıl, mükəmməl tənqid, yanaşmalar lazımdır.

Azərbaycanı zəif göstərməyə çalışmayın, buna haqqınız yoxdur.

Seçilən
103
vaxt.az

1Mənbələr