ABŞ prezidenti Donald Tramp ABŞ-nin Qəzza zolağını satın alması ehtimalını istisna edib.
“Report” xəbər verir ki, bu barədə o, Ağ Evdə İordaniya kralı II Abdullah ilə görüşdə deyib.
“Heç nə almayacağıq. Biz onu (Qəzza zolağı - Qeyd) əldə edəcəyik, özümüzdə saxlayacağıq və əmin olacağıq ki, orada sülh və heç bir problem olmasın. Biz onu (Fələstin anklavını - Qeyd) düzgün idarə edəcəyik”, - Tramp bildirib.
Eyni zamanda, Ağ Ev rəhbərinin sözlərinə görə, onun planı anklavda mehmanxanaların, ofis binalarının, yaşayış evlərinin tikintisini nəzərdə tutur.
Qəzza əhalisini daimi olaraq köçürmə ehtimalı ilə bağlı suala Tramp onların orada yaşamalarını istəməyəcəyini bildirib. O, Misir və İordaniyadakı ərazilərin fələstinlilərin məskunlaşması üçün ayrılacağına əminliyini ifadə edib.