AZ

“Bu yerlərdən, sanki, vəhşi qəbilə keçmişdi”

Malıbəyli və Quşçular qətliamından 33 il ötür

Son günlər Ermənistan mətbuatının hansı səhifəsinə nəzər salsaq, Bakıda terrorçu, təxribatçı, işğalçı və quldurlar qismində məhkəmə qarşısına çıxarılan hay bandası haqqında söz açıldığını görürük. Üstəlik, bütün xəbər, rəy və ya analitik materiallarda “Bakıda qanunsuz saxlanılanlar” ifadələri qabardılır. İnsan nə qədər rəzil, riyakar və şərəfsiz olmalıdır ki, qonşu ölkənin ərazisinin 20 faizini viranəyə çevirən, on minlərlə günahsız insanın qətlinə imza atan, törətdiyi soyqırımlarla fəxr edən vəhşi xislətli dələduzların məhkəmə qarşısına çıxarılmasını “qanunsuz saxlanılanlar” adlandırsın?

Təbii ki, vaxt gələcək (onsuz da ac yalquzaq kimi siyasət meydanında tamamilə tək qalıblar) Azərbaycanın atdığı bütün addımların qanuni, ədalətli olduğunu etiraf etməli olacaqlar. Ancaq həmin vaxt gələnədək vəhşi qəbilə halında fəaliyyət göstərən “qonşu”larımıza “günahsız yerə” Bakıda saxlanılanların törətdiyi yüzlərlə cinayət əməlinin yalnız ikisini xatırladırıq. Təkcə Malıbəyli və Quşçular qırğınları sübut edir ki, bu “günahsızlar” ən ağır cəzalara layiqdirlər.

Bəri başdan xatırladım ki, həmin kəndlərdə soyqırımına məruz qalanların bəlkə də yarısı 1988-ci ildə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımız idi. Yəni bu gün Bakıda ittiham olunanlar öz qanlı cinayətlərini təkcə Qarabağda və Şərqi Zəngəzurda deyil, elə Ermənistan adlandırılan tarixi Azərbaycan torpaqlarında da törətmişdilər.

Söhbət ondan gedir ki, 1988-ci ilin fevralından başlanan erməni həyasızlıqları – separatçılıq hərəkətləri, torpaq iddiaları, insan ölümləri, yanğınlar, tez-tez törədilən terror hadisələri 1991-ci il oktyabrın 30-da Tuğ və Səlakətin kəndlərinin işğalı ilə nəticələnmişdi. Dişinə qan dəyən vəhşinin yırtıcılıqdan əl çəkmədiyi kimi, hay qaniçənləri də öz “uğurlarından” ruhlanaraq, həmin il noyabrın 19-da Xocavənd, 1992-ci il yanvarın 10-da isə Axullu kəndlərini çapıb-talamış, sakinləri qırmış və ya qovmuşdular.

Sonra isə vəhşilər Qarabağın ən iri yaşayış məskənlərindən olan Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərinə soxulmuşlar. Tarixi materiallarda oxuyuruq ki, Şuşa rayonunda, Qarabağ silsiləsinin dağətəyi ərazisində, rayon mərkəzindən 14 kilometr şimal-şərqdə, Xankəndi şəhərinin 2,5 kilometrliyində, Ağdam – Şuşa avtomobil yolundan 2 kilometr aralıda olan bu kəndlərdə karvansaralar, əttar, əllaf, baqqal dükanları, aşxanalar, çayxanalar, hamam, məscid, qala divarları, hətta kanalizasiya xətti də var idi. Yəni bu yerlərin azərbaycanlılardan başqa heç kəsə aidiyyəti yox idi. Amma qaraçı nəslindən olan ermənilər həmin kəndlərə od qoyaraq oraları da xarabazara döndərdilər.

İğaldan əvvəl Malıbəylidə 2 orta məktəb, kitabxana, mədəniyyət evi, klub, kinoqurğu, məişət evi, poçt-rabitə şöbəsi, ambulatoriya, minarəli məscid, çay daşlarından tikilmiş hamam kompleksi, tunc dövrünə aid kurqanlar var idi. XX əsrin əvvəllərində – 1909-cu ildə dövrünün ziyalısı Məmməd Qarayev Malıbəyli kəndində qızlar üçün əyalətdə ilk rus-tatar məktəbini açdırıbmış. Kəndin şimal-şərqində Səfəvi dövrünün yadigarı olan səkkizguşəli, çatma tağlı, iki günbəzdən və su hovuzundan ibarət olan hamam tikilisi də var idi.

Quşçular kəndi isə Şuşa rayonundan 16 kilometr şimal-şərqdə, Qarabağ silsiləsində, dağətəyi ərazidə, Quşçular çayı sahilində yerləşir. Bildirilir ki, Quşçular oykonimi Qarabağda yaşamış türkdilli quşçu tayfalarının adı ilə bağlıdır. Yeri gəlmişkən qeyd edək ki, Aşağı və Yuxarı Quşçular yaşayış məntəqələri Malıbəyli kəndi ilə birlikdə xəritədə Xocalı rayonu ərazisində bir adanı xatırladır. Odur ki, erməni terrorçuları Xocalını işğal etmək üçün ilk növbədə Malıbəyli və Quşçular kəndlərini zəbt etdilər.

Mənbələrdən birində oxuyuruq: “1992-ci il fevralın 10-da erməni birləşmiş hərbi hissələri Malıbəyli kəndinə üç tərəfdən hücuma keçdilər. Həmin vaxtadək ara-sıra hücumlar, həmlələr olsa da, vəziyyət budəfəki qədər gərgin olmamışdı. Düşmənin bu hücumu əvvəlkilərə bənzəmirdi. Səhər tezdən kənd artilleriya qurğularından və iriçaplı pulemyotlardan atəşə tutuldu. Malıbəyli və Quşçular kəndlərinin kişiləri mərdliklə müdafiə olunaraq düşməni kəndə girməyə, camaatdan girov götürməyə imkan vermirdilər. Vəziyyət hər an gərginləşirdi, qadınların, qocaların, uşaqların kənddə qalması böyük faciələrə səbəb ola bilərdi”.

Vəziyyət bu şəkildə – dəhşətli idi. Ona görə də ağsaqqalların məsləhəti ilə Malıbəylinin dinc əhalisi qonşu Quşçular kəndinə gətirilir. Ancaq kəndin kişilərinin silah-sursatı, ov tüfəngi belə olmadığından düşmənin mühasirə dalğası daralır, saatlar ötdükcə Quşçular kəndini də ağuşuna alırdı. Malıbəyli və Quşçular kəndlərinin 3 minədək əhalisi düşmən əlinə keçməmək üçün ya Xocalıya, ya da Ağdama doğru hərəkət etməli idi. Ancaq düşmən Xocalı istiqamətində əhalini qırmaq və girov götürmək üçün güclü hazırlıq işləri görmüşdü. Odur ki, Malıbəyli əhalisi soyuq fevral gecəsində Abdal və Gülablı kəndləri istiqamətində 16 kilometr yolu keçib Ağdama tərəf gəlməyə qərar verdi.

Ancaq... Ağbulaq və Pircamal kəndləri yaxınlığındakı zirvələrdə mövqe tutan ermənilər əhalinin keçə biləcəyi yolu nəzarətə götürmüşdülər. Üç minlik əhalinin salamat çıxarılmasını cəmi 60 nəfər müdafiəçi öz üzərinə götürmüşdü. Təpələrin başında yüksək mövqe tutmalarına baxmayaraq, ermənilərin hücumunun qarşısı alındı. Həmin gün Malıbəyli və Quşçular əhalisindən 8 nəfər şəhid oldu, 3 nəfər girov götürüldü, 20 nəfər ağır yaralanaraq bədən xəsarətləri aldı. Fevralın 11-də 18.00-da Malıbəyli–Quşçular camaatı minbir müsibətlə Ağdamın Abdal və Gülablı kəndlərinə yetişdi. Hər iki kənd fevralın 11-dən 12-nə keçən gecə işğal olundu...

... Sonra Xocalı soyqırımı törədildi, şəhər, rayon və kəndlərimiz bir-birinin ardınca işğal edildi, ərazilərimizin 20 faizi düşmən tapdağı altına düşdü və biz, az qala, otuz il öz kəndlərimizin, elimizin-obamızın həsrəti ilə yaşadıq.

... Sonra isə qətiyyətli və qeyrətli Azərbaycan Prezidenti, qüdrətli Azərbaycan Ordusu həmin vandal, barbar, vəhşi qəbilələri ölkəmizdən “iti qovan kimi” qovdu. Onların Azərbaycan ərazisində qurmaq istədikləri ikinci dövlət “gorbagor” oldu. Arzuladıqları “status cəhənnəmə vasil” oldu. İki əsrlik istəkləri gözlərində yaşa çevrildi. Min illər boyu uydurduqları “xəyali dövlət tarixin zibilliyinə” atıldı. Haqqında miflər uydurulan erməni ordusu dünya miqyasında rəzil oldu, çiliklənib fərari-fərari gözdən düşdü.

... Sonra həmin ərazilərdə torpağın həqiqi sahibləri cənnətmisal yaşayış məskənləri salmağa başladılar. O yerlərin həqiqi sakinləri öz ocaqlarına qayıdırlar.

Uğur olsun! Ocaqları sönməsin!

İttifaq MİRZƏBƏYLİ

Seçilən
18
xalqqazeti.az

1Mənbələr