AZ

Azərbaycanın Ukraynaya humanitar yardımının növbəti hissəsi yola salınıb

Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi 12 fevral 2025-ci il tarixində Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Olaylar.az xəbər verir ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, sözügedən yardımın təşkili məqsədilə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb və yardımın birinci hissəsi 7 fevral 2025-ci il tarixində göndərilib.

Adıçəkilən Sərəncam çərçivəsində iki hissədə göndərilmiş humanitar yükə ümumilikdə 52 min metrdən çox elektrik kabeli və naqil, habelə 17 ədəd transformator daxildir.

Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən avadanlıqlar müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.

Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. Bu günədək elektrik avadanlıqları qismində 134 ədəd transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə təxminən 3.4 milyon metr elektrik kabeli və naqil humanitar yardım kimi Ukraynaya yola salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
49
olaylar.az

10Mənbələr