İngiltərə Premyer Liqasının 15-ci turundan təxirə salınmış “Everton”la oyun “Liverpul”un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, misirli hücumçu 2:2 hesabıyla başa çatmış Liverpul derbisində qol və məhsuldar ötürmə ilə yadda qalıb.
Bununla da o, turnirin 31 illik statistik nailiyyətini yeniləyib. Bu barədə “Squawka” portalı məlumat yayıb. Xəbərdə bildirilir ki, Salah İngiltərə Premyer Liqası tarixində bir mövsümdə səfər oyunlarında “qol+ötürmə” sistemi üzrə 22 xal toplayan ilk futbolçu olub. Misirli futbolçu 2024/2025 mövsümündə keçirdiyi 13 oyunda 13 qol vurub və 9 məhsuldar ötürmə verib.
32 yaşlı misirli hücumçu “Nyukasl”ın heyətində çıxış etdiyi 1993/1994 mövsümündə “Arsenal”ın keçmiş forvardı Endi Kolun müəyyənləşdirdiyi rekordu (21 xal) yeniləyib.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.
Salahın “Liverpul”la cari müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 27 qol vurub, 19 məhsuldar ötürmə verib.
Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 384 oyun, 238 qol, 107 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib. O, bu oyunlarda 58 qol vurub, 33 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.