Azərbaycan mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün xarici KİV-lərin ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək barədə qərar qəbul edib.
Bu barədə Caliber.az mənbələrinə istinadən məlumat yayıb.
Bu düzəlişlər, xüsusən, ölkədə “Rossiya Seqodnya”nın bir bölməsi kimi fəaliyyət göstərən “Sputnik Azərbaycan” nəşrinə, eləcə də BBC-yə (BBC News Azərbaycanca) təsir edəcək. Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün müvafiq olaraq, ölkəmizdə “Azərtac”ın Rusiyadakı müxbirlərinin sayı qədər “Rossiya Seqodnya”nın müxbiri fəaliyyət göstərəcək.
Hazırda söhbət bir ştat vahidindən gedir.
Qeyd edək ki, “Rossiya seqodnya”nın Bakı bölməsinin işinə 40-a yaxın adam cəlb olunub. Filialın özünün ləğvi gözlənilir – “Rossiya Seqodnya” isə Azərbaycanda işini bir müxbirlə davam etdirəcək və onun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətləri arasında KİV müxbirlərinin statusu haqqında 9 yanvar 2001-ci il tarixli sazişə uyğun olaraq tənzimlənəcək.