Qazaxıstanın paytaxtı Astanada köhnə vağzalın yaxınlığında partlayış olub, xəsarət alan var.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Nəqliyyat Departamentinin rəis müavini Malik Kaybar idarənin sosial şəbəkədəki səhifəsində bildirib.
"Bu gün saat 00:25-də (Bakı vaxtı ilə 01:25) Astana stansiyasına gələn qatarın konteyneri partlayıb. Tələfat yoxdur, bir nəfər qolundan yüngül xəsarət alıb", - Malik Kaybar qeyd edib.
O bəyan edib ki, sərnişinlər və yaxınlıqdakı ərazilərin sakinləri üçün heç bir təhlükə yoxdur. Faktla bağlı cinayət işi açılıb, hadisənin baş vermə şəraitini araşdırmaq üçün xüsusi əməliyyat qrupu yaradılıb.