Sea Breeze

​”ASAN xidmət” modelinin ixracı ilə bağlı imzalanan sazişlərin sayı 25 oldu.

​Belə ki, Dünya Hökumətlər Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kolumbiya Respublikasının müvafiq sahə üzrə fəaliyyət göstərən qurumu arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

​Memorandum “ASAN xidmət” təcrübəsinin Kolumbiya Respublikasında tətbiqini, eləcə də kolumbiyalı dövlət qulluqçuları üçün “ASAN xidmət” mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Kolumbiya tərəfi ilə paylaşılmasını nəzərdə tutur.

​Beləliklə, dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizin intellektual brendi olan “ASAN xidmət” təcrübəsi Avropa, Asiya və Afrika qitəsindən sonra Amerika qitəsində də tətbiq olunacaq.

​İmzalanma mərasimindən sonra tərəflər arasında baş tutmuş görüş zamanı Anlaşma Memorandumunun implementasiyası istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb.

​Kolumbiyalı nazir “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını və əməkdaşlıq çərçivəsində tezliklə əməli addımların atılacağını diqqətə çatdırıb.

ETX
ETX
ETX