Sea Breeze

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun məhkəməsi gedir. Onlar əvvəlcə dövlət vəsaitlərini mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs edilmişdilər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslər elə ilkin istintaqda mənimsəmə epizodu ilə dövlətə dəymiş ziyanı tam şəkildə ödəyiblər. Bu, həmin ittihamın aradan qaldırılmasına səbəb olsa da, məsələni tamamilə həll etməyə imkan vermir.

Məmmədov və Laçınov həbsdən azad edilsələr də, vəzifə səlahiyyətlərini aşma cinayətinə görə məhkəmədə mühakimə edilirlər. Bu maddənin sanksiya həddi minimum 3, maksimum 7 il həbs cəzasıdır. Amma işin hallarından asılı olaraq həbslə bağlı olmayan cəza da təyin edilə bilər.

Amma işdə qalmaqallı məqam başqadır.

Əldə etdiyimiz məlumata görə, müdafiə nazirinin müavini – Maddi Texniki Təminat İdarəsinin rəisi işləmiş general-leytenant Nizam Osmanov da bu cinayət işi üzrə dindirilib. General müstəntiqin çağırışı ilə prokurorluğa gəlib, bir neçə epizod üzrə sorğu-sual edilib. Bizə məlum olan budur ki, Osmanov işlə bağlı ətraflı danışmayıb. O, ifadəsində Elman Məmmədov və Rəhim Laçınovun təqsirləndirildikləri vəzifə cinayətlərindən xəbərsiz olduğunu deyib.

İstintaq orqanı generalın dedikləri ilə kifayətlənib. Onun əlavə ifadəsinə ehtiyac görülməyib. Beləliklə, keçmiş nazir müavininin adı məhkəmədə ifadə verməli olacaq şahidlər siyahısına daxil edilməyib. Səbəb isə Nizam Osmanovla təqsirləndirilən şəxslərin bir-birilərinə qarşı ifadə verməməsidir. Təqsirləndirilən şəxslərin hər ikisi deyib ki, onların əməlindən general Osmanovun xəbəri olmayıb. Buna baxmayaraq, məhkəmə gedişində ehtiyac yaranarsa, N.Osmanov əlavə şahid kimi hakim qarşısında dindirilə bilər.

Yaxın günlərdə E.Məmmədov və R.Laçınovun işi üzrə Bakı Hərbi Məhkəməsində baxış iclasları başlayacaq.

Qeyd edək ki, Nizam Osmanov 2023-cü ilin yayına kimi müdafiə nazirinin müavini-Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. Mənzil İstismar İdarəsi də həmin baş idarənin tabeliyində idi. General Osmanov vəzifəsindən azad edildikdən sonra postu da ləğv edilib.

ETX
ETX
ETX