Azərbaycanda rəqəmsal ödənişlər sahəsində yeni nailiyyətlərin əldə edilməsi və bençmark olaraq qəbul edilmiş ölkələrlə rəqabət aparılması üçün bir sıra işlərin görülməsinə ehtiyac var.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
"Ani Ödənişlər Sistemindən daha aktiv nüvə komponenti kimi istifadə edilməsi, innovativ həllərin tətbiqi üzrə düzgün planlaşdırmanın aparılması və real məhsulların tətbiqinin təşviqi üçün Azərbaycan Mərkəzi Bankının nəzdində innovativ hab yaradılması, bank hesabının məsafədən açılması prosedurunun təkmilləşdirilməsi, habelə rəqəmsal bankçılıq sahəsində qanunvericilik bazasının formalaşdırılması üzrə işlərin görülməsini zəruri hesab edirik", - deyə o qeyd edib.