"Tanınmış təhsil ekspertlərinin dediyinə görə, Elm və təhsil naziri Emin Əmrullayev təhsillə heç bir əlaqəsi olmayan adamlara yüksək vəzifələr verməkdə davam edir. Məsələn, son günlər Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə vaxtilə şəkər zavodunda işləyəni, Ümumtəhsil siyasəti şöbəsinə isə Dəniz vağzalında inzibati işdə çalışmış bir nəfəri təyin edib".
Mia.az-ın məlumatlına görə, bu sözləri sabiq deputat, tanınmış ekspert Etibar Əliyev sosial media səhifəsində yazıb.
Sabiq deputat daha sonra sual yarandığını deyir: "Məqsəd nədir? Fərz edək ki, kimsə nazirin dostu, yaxud sinif yoldaşıdır. Bu amilə söykənib ona (onlara) ölkənin strateji sahəsi olan təhsildə yüksək vəzifəmi verilməlidir?
Bu adamlar Gəncədə Aqrar universiteti bitirmiş Anar Qədiməliyev adlı birisini də Gəncə-Daşkəsən Regional təhsil idarəsinə müdir göndərmişdilər. Adam həmin regionda məktəb və baxça sistemini sözün əsl mənasında məhv elədi. Bir neçə tanınmış pedaqoq insult və infarkt keçirdi. Prokurorluğa və məhkəməyə daxil olan şikayətlərin sayı - hesabı olmadı. Belə də olmalı idi. Məktəb və uşaq baxçası elə təsisatlardır ki, yad cisim qəbul etmir. Bu xidmətlərinə görə E. Əmrullayev onun vəzifəsini böyütdü. Bakı şəhəri üzrə Təhsil idarəsinə müdir müavini vəzifəsini ona verdi. Deyilənlərə görə, yüksək dağıdıcılıq qabiliyyəti nəzərə alınıb yaxın günlərdə onu idarəyə müdir qoymaq istəyir. Yenə də sual verirəm. Məqsəd nədir? Orta təhsili poliqona çevirməkdə məqsədiniz nədir? Orta məktəb tam şəkildə repetitorların ixtiyarına verilib. Nizam-intizam pozulub. Məktəblərdə bıçaqlanma hadisələrinin sayı - hesabı yoxdur. Əgər uşaq məktəbə gəlmirsə hansı tərbiyədən danışmaq olar.
Təhsilə heç bir aidiyyatı olmayan adamların bu sahədə yüksək vəzifələrə təyin olunmalarında məqsəd bəllidir. Ancaq bunun da bir limiti olacaqmı?".
Samir
MİA.AZ