Radio və televiziyalar üçün bu il ayrılacaq əlavə maliyyə dəstəyi ilə bağlı təkliflər hazırlanır.
Xezerxeber.az xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bu gün keçirilən brifinqdə deyib.
Özəl kanallara bu il üçün dəstəyin verilməsi məsələsinə də münasibət bildirən İ. Səttarov qeyd edib ki, Azərbaycan televiziyalarının maliyyə dəstəyinə ehtiyacı var: "Televiziyalara maliyyə dəstəyinin göstərilməsi tək Azərbaycan deyil, əksər ölkələr üçün aktual məsələdir. Dünyada televiziya sahəsinin gəlirləri ildən- ilə azalır. Bu, digital medianın inkişaf etməsi ilə reklam platformalarının sayının çoxalması ilə bağlıdır. Belə bir halda televiziyanın kommersiya gəlirləri artmır. Amma bununla yanaşı, Azərbaycanda işçilərin əmək haqqının artdığını da diqqətə çatdırmaq istəyirəm. Təbii ki, televiziyalarımızın dəstəyə ehtiyacı var. Azərbaycanda televiziyaya dəstəyin müxtəlif formaları mövcuddur. Bu mövzu ətrafında təkliflərimizi hazırlayırıq".