Pakistanın Bəlucistan əyalətində mədən işçilərini daşıyan yük maşınında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 6 nəfər yaralanıb.Missiya.Az xəbər verir ki, bu barədə "Dawn" qəzeti polis rəsmilərinə istinadən məlumat yayıb.
Belə ki, Harnai rayonunun Şahraq bölgəsindəki kömür mədənində mədən işçilərini daşıyan yük maşınında partlayış baş verib. Səlahiyyətlilər hadisənin yola qoyulmuş partlayıcının işə salınması nəticəsində baş verdiyinə inandıqlarını bildiriblər.
Bəlucistan Baş Naziri Sərfraz Buqti verdiyi açıqlamada hadisənin terror aktı olduğunu bildirib.
İnsanların itkisindən kədərləndiyini deyən Buqti: "terror bəlasının" kökünü kəsəcəyinə söz verib: "Günahsız vətəndaşları hədəfə alan terrorçular əfv olunmağa layiq deyillər. Bu hadisədə iştirak edən terrorçular ən qısa zamanda məhkəmə qarşısına çıxarılacaq".
Zərintac MayisqızıMissiya.Az