AZ

Məmməd Musayev: "Türk dünyası beynəlxalq arenada təşkilatlanmış güc kimi çıxış etməkdədir"

Türk dünyası beynəlxalq arenada artıq təşkilatlanmış güc kimi çıxış etməkdədir.

“Far.Az” xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının çətiri altında fəaliyyət göstərən Türk Ticarət və Sənaye Palataları Birliyi və Türk İnvestisiya Fondu, türk dövlətlərinin iqtisadi inteqrasiyası yolunda mühüm addımlardır:

“Bu istiqamətdə ciddi təşkilatlanma prosesi baş verib. Türk dövlətləri rəhbərlərinin dəstəyi ilə yaradılan Türk İnvestisiya Fondunun ölkələr arasında iqtisadi əlaqələrin inkişafına və sahibkarlıq təşəbbüslərinin reallaşdırılmasına böyük töhfə verəcəyinə inanırıq. Fond, iş dünyasının irəli sürdüyü layihələrin uğur qazanmasında mühüm rol oynayacaq”.

M. Musayev vurğulayıb ki, Türk İnvestisiya Fondunun digər beynəlxalq fondlarla, eləcə də türk dövlətlərinin investisiya fondları ilə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir:

“Türk Ticarət və Sənaye Palataları olaraq, biz Fondun fəaliyyətinin gücləndirilməsi üçün birgə çalışacağıq. Bu gün ilk dəfə olaraq Fond maliyyə vəsaitlərinin ayrılması, onlardan istifadə qaydaları, seçiləcək layihələr üzrə meyarlar və maliyyələşdirmə mexanizmləri ilə bağlı açıqlamalar verəcək. Qarşıda bizi genişmiqyaslı işlər gözləyir və bu proses mərhələli şəkildə həyata keçiriləcək”.

ASK prezidenti əlavə edib ki, tədbir çərçivəsində kiçik və orta biznesin, qadın və gənc sahibkarlığın inkişafı ilə bağlı mövcud vəziyyət və perspektivlər müzakirə olunacaq.

“Eyni zamanda, Təşkilata üzv olan Palataların təmsil etdikləri ölkələrdə investisiya və biznes imkanlarını təqdim etmələri üçün şərait yaradacağıq. Bu, türk dövlətləri arasında iqtisadi və biznes əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Seçilən
29
2
far.az

10Mənbələr