Azərbaycan şairi, qəzəl üstadı, Əməkdar incəsənət xadimi Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid) 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub.
Milli Kitabxanadan XQ-ə verilən məlumata görə, Əliağa Vahid Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. O, Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib, Azər İmaməliyev, Müniri və başqa şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib.
İlk kitabının adı “Tamahın nəticəsi” olub.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur.
Əliağa Vahid Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
44 günlük Vətən müharibəsinin şəhid giziri Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısının sözləri də Əliağa Vahidə məxsusdur.
Milli Kitabxanada söz xiridarı Əliağa Vahidin anadan olmasının 130 illik münasibətilə “Əməkdar incəsənət xadimi Əliağa Vahid - 130” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə qəzəlxanın qəzəlləri, tərcümələri, redaktə etdiyi kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, qəzəllərinə bəstələnmiş musiqi notları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.