"Azərbaycanda ali məktəblərə və kolleclərə qəbul üçün ən önəmli mərhələlərdən biri olan buraxılış imtahanları yaxınlaşır. 2 və 9 mart tarixlərində on minlərlə şagirdin həyatında həlledici rol oynayan bu prosesin şəffaf və obyektiv keçirilməsinə şübhə yoxdur. Lakin burada ciddi bir etik və psixoloji problem var: imtahana giriş zamanı şagirdlərin əllə yoxlanılması".
Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
DİM-in xəbərdarlıqlarına baxmayaraq, bəzi imtahan iştirakçıları kənar əşyalar gətirməyə cəhd edirlər. Bunun qarşısını almaq üçün texnoloji vasitələr – dedektorlar mövcuddur. Lakin bəzi hallarda imtahana nəzarət edən mühafizəçilər azyaşlı şagirdləri fiziki olaraq yoxlamağa çalışır. Bu, qəbuledilməzdir!
Birincisi, bu, uşaqların psixoloji rahatlığını pozur. İmtahan onsuz da yetərincə stresli bir prosesdir. Bir çox şagirdlər üçün imtahandan əvvəl naməlum bir şəxsin toxunuşu ciddi narahatlıq yaradır və bu, onların imtahanda öz biliklərini tam ifadə etmələrinə mane ola bilər.
İkincisi, texniki imkanlar buna ehtiyac olmadığını sübut edir. Əgər qadağan olunmuş əşyaların aşkar edilməsi üçün xüsusi detektorlar varsa, niyə fiziki təmas tələb olunsun? Alternativ metodlar – cibini və ayaqqabını çıxar kimi vizual yoxlamalarla eyni nəticəni əldə etmək mümkündür.
Üçüncüsü, hüquqi və etik baxımdan düzgün deyil. 18 yaşdan aşağı şəxslərin bədən yoxlaması xüsusi prosedurlar tələb edir və bu prosedurlar uşaqların hüquqlarına tam riayət edilməklə aparılmalıdır. Dövlət İmtahan Mərkəzi bu məsələyə xüsusi diqqət yetirməli və imtahan keçirilən məkanlarda müvafiq yoxlama prosedurlarının necə həyata keçirildiyini ciddi nəzarətdə saxlamalıdır.
Bütün bunları nəzərə alaraq, imtahan iştirakçıları arasında apardığım sorğu və tədqiqatlar göstərir ki, şagirdlərin imtahan prosesi ilə bağlı ən böyük narahatlığı məhz imtahana daxil olarkən fiziki toxunma ilə yoxlanılmaqdır.
Bu məsələ dərhal həll olunmalıdır! Uşaqların psixoloji rahatlığı və hüquqları qorunmalıdır. Dedektorlarla yoxlama kifayət qədər effektiv olduğu halda, fiziki təmasa yol verilməməlidir. Təhsil və imtahan sistemində şəffaflıq qədər humanist yanaşma da olmalıdır!