AZ

Cüdo: Yeniyetmələr Samorində 10 medal qazandılar

Azərbaycanın cüdo üzrə yeniyetmələrdən ibarət milli komandası Slovakiyanın Samorin şəhərində keçirilən Avropa Kubokunda 10 medal qazanıb.

Arena.az bu barədə Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, medallardan ikisinin əyarı qızıl, ikisi gümüş, altısı isə bürünc olub. Azərbaycan təmsilçiləri medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.

Cüdoçularımız turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. 50 kq çəki dərəcəsində yarışan İbrahim Talıbov gümüş, Anar Quliyev bürünc medal əldə edib. 55 kq çəki dərəcəsində final görüşü Azərbaycanın iki cüdoçusu arasında baş tutub. Məhəmmədəli Hüsiyev və Rəsul Əlizadə finalda qarşılaşıblar. Yekunda Məhəmmədəli Hüsiyev qızıl, Rəsul Əlizadə isə gümüş medalın sahibi olub. 60 kq çəkidə mübarizə aparan Zeyd Ələsgərov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində İlkin Qarayev isə turniri 7-ci pillədə başa vurub. 66 kq çəki dərəcəsində Əli Hümbətov bürünc medal qazanıb, Özqan Quliyev isə beşinci yerlə kifayətlənib.

Yarışın ikinci günündə Səid Şərifov (73), Amin Mehdiyev, Abdullah Rəhmətov (81 kq) və Sübhan Axundov (+90 kq) bürünc medal əldə ediblər. Məhəmməd Ağakişiyev (73 kq) isə 7-ci olub.

Xatırladaq ki, turnir fevralın 15-16-da keçirilib. Azərbaycan oğlanlar arasında yarışda 8 çəki dərəcəsində 16 cüdoçu ilə təmsil olunub.

Seçilən
79
12
arena.az

10Mənbələr