AZ

Tələsən bu ömrün dolaylarında...

Onun 60 illiyi ölkə miqyasında keçən il geniş qeyd olundu, amma yubileyi hələ də  davam edir... Bu dəfə dostların xatirələrində. 

Tanınmış şair-publisist Faiq Balabəylinin 60 illik yubileyinə həsr olunmuş "Bu ömür yaman tələsdi" adlı kitab oxucuların ixtiyarına verilib. 

Tələsən bu ömrün dolaylarındakı bir çox maraqlı məqamlar kitabda əksini tapıb. Elə kitabdakı yazıların birində deyildiyi kimi, F. Balabəyli 60 ildə mürəkkəb bir yaşam trayektoriyası cızıb, Cəlilabad rayonunun Sabirabad kəndindən ədəbiyyatın ağuşuna, ədəbiyyatdan dənizə, dənizdən mətbuata, arada bir dəfə Bayıla sözlə günah çəkməyə, sonradan hamısını bir yerdə  yaşatmağa qədər yol qət edib. 

Ən doğrusunu da özü yazıb:

Məni çağırdılar, yoxsa dayandım,

Məni oyatdılar, yoxsa oyandım,

Üz tutub keçdiyim yollara baxdım-

Yollar duman idi, yollar çən idi,

Səksəkə içində bir az duruxdum

O yola, yolağa qayıtmaq çətin,

O yola, yolağa dönmək əbəsdi,

Bu ömür deyəsən yaman tələsdi.

Şərif Ağayarın redaktorluğu ilə "Qanun" nəşriyyatında nəfis tərtibatla çap olunan kitabda xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, filologiya elmləri doktorları Vaqif Yusifli, Mahirə Nağıqızı, əməkdar jurnalist Sona Vəliyeva, Azərbaycan Yazıçılar Bilrliyinin katibləri İlqar Fəhmi, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan,  şair və yazıçılardan İbrahim İlyaslı, Varis, Salam Sarvan, Vasif Süleyman, Xatirə Rəhimbəyli, Ayaz Arabaçı, Rasif İmanoğlu, Zemfira Məhərrəmli, Kəmalə Abıyeva, Hümbət Şamiloğlu, jurnalist Nəzirməmməd Zöhrablı, dənizçi dostları  və digərlərinin Faiq Balabəylinin 60 illik yubileyi ilə əlaqədar ürək sözləri, onun yaradıcılığı haqqında düşüncələri yer alıb. 

Faiq Balabəyli "Eh ayrılıq nə yamansan", "Sənə yazılan şeirlər","Burda darıxmaq olmaz", "Yaşıl yuxulu dəniz", "Bayıldan bayıra", "Kəsilməyən həyəcan fiti", "Bakı buxtası - 20 Yanvar", "Yağışdan sonra" , "Bir ovuc kədər", "Gəmilərin əmniyyətli idarə olunması", " Xəzərin çirklənmədən qorunması", Dənizçilərimiz Vətən müharibəsində", Onlar qəhrəmandır" adlı poeziya, nəsr və publisistik kitabların müəllifi, AYB-nin üzvü, "Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvü, Müstəqil.az saytının həm yaradıcısı, həm də baş redaktoru, gəmi kapitanı, "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyinin sədridir. 

Bütün ömrü SÖZlə DƏNİZin qonşuluğunda keçən Faiq Balabəyli QONŞULARInın heç birinə xəyanət etməyib. Bunun bir sübutu da "Bu ömür yaman tələsdi" kitabıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
2
olaylar.az

3Mənbələr