AZ

Tacikistanlı nümayəndə: Buzlaqların qorunması və qlobal təhlükəsizlik üçün beynəlxalq əməkdaşlıq vacibdir

Bakı, 19 fevral, AZƏRTAC

Su ehtiyatları və iqlim dəyişikliyi məsələləri qlobal təhlükəsizlik gündəminin vacib tərkib hissəsinə çevrilib. Tacikistanın bu sahədə irəli sürdüyü beynəlxalq təşəbbüslər, o cümlədən BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnamələr, iqlim və su ehtiyatlarının qorunmasına yönəlmiş qlobal məqsədlərin reallaşdırılmasına mühüm töhfə verir. Son illərdə qlobal istiləşmənin təsiri ilə Tacikistandakı buzlaqların sürətlə əriməsi, minlərlə bulağın tamamilə yox olması regionun su resurslarına ciddi təsir göstərib. Bu problemi qlobal səviyyədə həll etmək məqsədilə Tacikistanın təşəbbüsü ilə BMT 2025-ci ili “Buzlaqların Mühafizəsi İli” elan edib və Ümumdünya Buzlaqlar Gününün təsis olunmasına qərar verib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tacikistan Ali Məclis Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, bu gün dünya terrorçuluq, ekstremizm, radikalizmin təzahürləri, kibercinayətkarlıq, narkotik və silahların qanunsuz dövriyyəsi kimi qlobal təhlükələrlə üz-üzədir. Transmilli mütəşəkkil cinayətkarlıq cəmiyyətlər üçün ciddi təhdid yaradır. Xüsusilə ekstremist ideyaların yayılması, nifrət və dini qarşıdurmanın qızışdırılması, gənclərin terror qruplaşmalarına cəlb edilməsi bu təşkilatların əsas strategiyasına çevrilib. Bu kimi təhdidlərin qarşısının alınması üçün regional və qlobal səviyyədə koordinasiyanın gücləndirilməsi, təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Ekstremizm və radikalizmlə mübarizədə təhsil və vətəndaş cəmiyyətinin rolu artırılmalı, bu istiqamətdə daha təsirli strategiyalar həyata keçirilməlidir.

“Tacikistanın təşəbbüsü ilə BMT Baş Assambleyası 2025–2034-cü illəri “Kriosfer Elmlərinə Dəstək Onilliyi” elan edib. Bu çərçivədə cari ilin may ayında Düşənbədə buzlaqların mühafizəsinə həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Tacikistan bu forumda tərəfdaş ölkələrin, eləcə də beynəlxalq və regional təşkilatların fəal iştirakını gözləyir. Bu təşəbbüslər qlobal təhlükəsizliyin təmin edilməsi və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir”, - deyə Mahmadtoir Zokirzoda əlavə edib.

Seçilən
38
azertag.az

1Mənbələr