AZ

Mircəlal Kazımı, Xuraman Cəfərova və Valeh Hüseynov - Məşhur həkimlər dələduzluq işi üzrə məhkəməyə çağırıldılar

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə daxil olan vəsatətlər elan olunub.

"Əvvəlki proseslərdə adları çəkilən həkimlər - Mircəlal Kazımı, Xuraman Cəfərova və Valeh Hüseynovun da məhkəməyə çağırılmasını xahiş edirəm. Təqsirləndirilən şəxslərə Talassemiya Mərkəzində rahat hərəkət etməyə mərkəzin keçmiş direktoru Xuraman Cəfərova və keçmiş əməkdaşı Valeh Hüseynov imkan yaradıb" - deyə o, bildirib.

Daha sonra prosesdə zərərçəkən qismində Natiq Qubatov ifadə verib. O deyib ki, övladı talassemiya xəstəsi olub və sağalıb: "Həmin vaxt uşağın vəziyyəti çox pis idi. 2022-ci ilin aprel ayında mütəmadi olaraq qızıma Talassemiya Mərkəzində qan vururduq. Elə olurdu ki, orqanizm qanı qəbul etmirdi. Türkiyədə müalicə elətdirdim. Sonra dedilər müalicə kömək olmur, əməliyyat olunmalıdır. Həyat yoldaşım Aynur Bayramova ilə tanış oldu. Uşağın qanını verdik, axtarışa verdilər. Bir müddət sonra Aynur Bayramova dedi ki, donor tapılıb. Mən donorun tapılması ilə bağlı sənəd tələb etdim. Sənədlə tanış olandan sonra Aynur Bayramovaya və Nuridə Seyidovaya ofislərində görüşüb 15 min dollar pul verdim. Dedim ki, uşağın vəziyyəti pisdir, təcili əməliyyat olunmalıdır".

Onun sözlərinə görə, pulu verdikdən bir müddət sonra aldadıldığını öyrənib: "Bu hadisələrdən sonra anamın stressdən səhhəti pisləşdi. Dəfələrlə onlarla görüşdə oldum, uşağın qıvrılan yerdə videosunu göstərdim, xahiş etdim ki, pulumu qaytarsınlar. Tez-tez ofislərini dəyişirdilər. Nə qədər xahiş etdim, pulumu qaytarmadılar. Nömrələrimi bloka atmışdılar. Nuridə Seyidovanın anasının evində oldum, vəziyyəti danışdım, ağladı, dedi ki, qızımın qanı sənə halaldır. Mənim onlarda 16 min 500 manat pulum qalıb. Bu pulu Nuridə Seyidova və Aynur Bayramovadan tələb edirəm".

Prosesdə zərərçəkən qismində dindirilən Günay Ağayevanın sözlərinə görə, oğlu talassemiyə xəstəsidir və donor axtarışı zamanı təqsirləndirilən Aynur Bayramova ilə tanış olub: "Donorun tapıldığını bildirəndən sonra 25 min manat Aynur Bayramovanın vasitəsi ilə Nuridə Seyidovaya vermişəm. Həmin pulu Nuridə Seyidova və Aynur Bayramovadan tələb edirəm".

Təqsirləndirilən Aynur Bayramova deyib ki, onun tək günahı xəstələrin yaxınlarını Nuridə Seyidovaya yönləndirmək olub: "Mənim də övladım xəstədir. Bu gün zərərçəkən valideyinlərə baxanda vicdan əzabı çəkirəm. Mən sübut edəcəm ki, verilən bütün pullar Nuridədə olub. Mən lazımı yerlərə müraciət edəcəm. Məhkəmə araşdırsın, telefon danışıqlarını üzə çıxarsın, o zaman yeni faktlar üzə çıxacaq. Nuridə deyirdi ki, sponsor mənlik, xəstəxana isə sənlikdir".

Seçilən
51
2
mia.az

10Mənbələr