AZ

Xocalı rayonunda minaya düşən Nağı İmanovun sağ ayağı topuqdan amputasiya olunub - BİRGƏ MƏLUMAT - YENİLƏNİB 3

İşğaldan azad edilmiş ərazilərdə mina partlayışı nəticəsində xəsarət alan Nağı İmanovun sağ ayağı topuq hissəsindən amputasiya olunub.

APA xəbər verir ki, xəstəxanadan verilən məlumata görə, onun həyatı üçün təhlükə yoxdur.

***

21:05

İşğaldan azad edilmiş Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib.

APA xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Ağdam rayon sakini 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb.

Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

***

20:26

Minaya düşən şəxs təcili tibbi yardım heyyəti tərəfindən partlayış baş verən ərazidən götürülüb.

APA xəbər verir ki, hazırda o, Bərdə Diaqnostika Mərkəzinə aparılır.

Qeyd edək ki, əslən Ağdərə rayon Sırxavənd kəndindən olan N. İmanov silahlı qüvvələrin ehtiyata buraxılmış giziridir.

Bundan başqa Qarabağ müharibəsinin ilk illərində ermənilər onun atasını və qardaşını faciəvi şəkildə qətlə yetiriblər.

***

18:59

İşğaldan azad olunmuş ərazidə mina hadisəsi baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.

Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Seçilən
7
17
apa.az

10Mənbələr