AZ

Xərçəngə qarşı yeni preparat hazırlanmasında mühüm kəşf edilib

Bakı, 24 fevral, AZƏRTAC

Rusiya və İrlandiyadan olan bir qrup alim yeni bədxassəli şiş əleyhinə preparatın yaradılması üçün antimikrob peptidlər - fitri immunitet elementləri əsasında perspektivli birləşmə aşkar ediblər. AZƏRTAC bu barədə Rusiyanın Təhsil və Elm Nazirliyinə istinadla xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xərçəngi dünyada ikinci ölüm səbəbi kimi tanıyıb. Kimyaterapiya onkoloji xəstəliklərin müalicəsinin əsas istiqaməti olaraq qalır, lakin xərçəng hüceyrələrinin müxtəlif mexanizmlər vasitəsilə dərmanlardan yayınma qabiliyyəti terapiyada hələ də əsas maneədir. Bu problemin həlli üçün perspektivli istiqamətlərdən biri müalicədə aşağı molekulyar çəkiyə malik molekullardan istifadə edilməsi - peptid terapiyasıdır. Onlar xərçəng hüceyrələrini hədəf alan və məhv edən qısa amin turşuları zəncirləridir.

Katyonik antimikrob peptidləri (AMP) amin turşularından qurulmuş aşağı molekulyar ağırlıqlı birləşmələrdir. Onlar xarici mikroorqanizmlərin daxil olmasına cavab olaraq bədəndə sintez olunurlar. Bu peptidlər genişspektrli mikroorqanizmlərə: bakteriyalar, göbələklər, viruslar və protozoalara qarşı müdafiəni təmin edən fitri toxunulmazlıq elementləridir.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü Andrey Pokrovski bildirib ki, alimlərin tədqiqatları təxminən 3-4 il çəkib. O əlavə edib: “Nəticədə birləşmələrin şiş hüceyrələrinin davranışı üzərində yüksək aktivliyini nümayiş etdirə bildik. Bundan əlavə, biz molekulyar səviyyədə onun təsir mexanizmlərini öyrənməyə müvəffəq olduq. Bu, hazırda hər hansı yeni xərçəng əleyhinə dərmanının qlobal səviyyədə qeydiyyata alınması üçün məcburi şərtdir”.

Alimlər müəyyən ediblər ki, bəzi peptidlər xüsusi olaraq şiş hüceyrələrinin membran zülallarını tanıyır və onlara bağlanır. Əldə edilən birləşmə DNT zədələnməsinə səbəb olan bir agentin və bərpa prosesinə maneçilik törədən ikinci agentin xərçəng hüceyrələrinə hədəflənmiş hərəkətini təmin edib. “Bu yolla şiş toxumalarında proqramlaşdırılmış hüceyrə ölümünə nail ola bilərik”, deyən rusiyalı akademik əlavə edib ki, perspektivli birləşməni öyrənmək üçün klinik səviyyələrdə əlavə sınaqlar aparmaq lazımdır.

Seçilən
20
1
azertag.az

2Mənbələr