AZ

Zamiq Əliyev sarı vərəqə aldı, “Eqnatiya” yarımfinala yüksəldi

Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya Kubokunun 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsi çərçivəsində “Bilis”lə qarşılaşıb.

“Eqnatiya” doğma baş tutan bu oyundan 2:2 hesablı heç-heçə ilə ayrılıb. Əliyev start heyətdə meydana çıxdığı bu görüşdə sonadək mübarizə aparıb. O, 24-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Zamiqin komandası ilk oyunda qazandığı 3:2 hesablı qələbə sayəsində yarımfinala yüksəlib.

Xatırladaq ki, “Eqnatiya” ölkə çempionatında da uğurlu çıxış edir. Sözügedən komanda 26 turdan sonra 48 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində ilk pillədə qərarlaşıb. “Eqnatiya” 26 oyunda 14 qələbə qazanıb, 6 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 27 oyuna çıxıb.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 1 oyun keçirib.

“Eqnatiya” 2023/2024-ci illər mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Seçilən
114
5
arena.az

6Mənbələr