AZ

Qahirədə Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlar başlayıb

Bakı, 28 fevral, AZƏRTAC

Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsi və israilli girovların qaytarılması ilə bağlı vasitəçilər vasitəsilə Qahirədə İsrail və HƏMAS qruplaşması arasında danışıqlar başlayıb .

AZƏRTAC xəbər verir ki, bu barədə Misir dövlət xəbər agentliyi məlumat yayıb.

“İsrail, Qətər və ABŞ rəsmiləri atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı intensiv müzakirələrə başlayıblar”, - deyə məlumatda bildirilir.

“The Times of Israel” qeyd edir ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff regiona yalnız gələn həftə gələcəyi üçün danışıqlarda Amerika tərəfini kimin təmsil edəcəyi hələlik bəlli deyil.

Bu ərəfədə İsrail KİV-i məlumat yayıb ki, HƏMAS İsrailin istəklərinə uyğun olaraq, atəşkəs razılaşmasının birinci mərhələsini uzatmağa, lakin İsrail qoşunlarının anklavdan tam çıxarılması və hərbi əməliyyatların bərpa olunmamasına beynəlxalq təminat şərti ilə hazır olduğunu bildirib.

Qəzza zolağında atəşkəs və israilli girovların və fələstinli məhbusların azad edilməsinə dair razılaşma yanvarın 19-da qüvvəyə minib. 1500-dən çox fələstinli məhbusun əvəzində 33 israilli girovun azad edilməsini və İsrail qoşunlarının anklavdan qismən çıxarılmasını nəzərdə tutan sazişin birinci mərhələsi martın 1-də tamamlanır. İkinci mərhələdə qalan girovların azad edilməsi, daimi atəşkəs və İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılması nəzərdə tutulur.

Seçilən
51
azertag.az

1Mənbələr