Şəmkir Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyü tamamilə yenilənir.
QOL.az xəbər verir ki, buna səbəb hazırda ot örtüyünün istismara yararsız olmasıdır.
2-ci liqada yarışan “Şəmkir” klubu oyunlarını bu arenada keçirir.
Klubdan bildirilib ki, stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə 2015-ci ildə bərpa edilib.
“Nəzərə alsaq ki, bu tip yenilənmələr 5-6 ildən bir aparılmalıdır, uzunmüddətli istifadədən sonra bizim stadionun ot örtüyünün də yenilənməsinə ehtiyac var idi. Buna görə də 18 dekabr tarixində keçirilən “Şəmkir" - “Lerik” oyunundan sonra "Şəmkir" klubunun baş məşqçisi Vüqar Nadirovun təşəbbüsü ilə stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılması barədə qərar qəbul edilib. Meydança tam bərpa edildikdən sonra yenidən istifadəyə veriləcək” deyə məlumatda bildirilib.
Qeyd edək ki, 2 dəfə Azərbaycan çempionu olan “Şəmkir” (1999-2000 və 2000-2001 mövsümü) UEFA Çempionlar Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu olub.
Hazırda komanda 2-ci liqada 13 oyunda 19 xalla 7-ci yeri tutur.