AZ

İstehsalat qəzalarını minimuma endirmək üçün hansı tədbirlər görülməlidir?

Ekspert: İstehsalatda baş verən qəzaların böyük əksəriyyəti insanların məsuliyyətsizliyi və diqqətsizliyinə görə baş verir

Fabrik və zavodlarda təhlükəsizlik qaydalarına riayət etmək işçilərin həyatı üçün vacib bir məsələdir. Təhlükəsizlik tədbirləri yalnız iş proseslərini daha təhlükəsiz etmək deyil həm də iş yerində qəza və xəsarətlərin qarşısını almağa kömək edir. 

İstehsalat qəzalarını minimuma endirmək üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev Operativ Media-ya bildirib ki, bütün təyinatlı obyektlərdə təhlükəsizlik məsələləri ön planda olmalıdır:

“Burada çalışan işçilərin həyat və sağlamlığı üçün təhlükə riski olmamalıdır. Xüsusilə də riskli sahələrdə çalışan şəxslərin təhlükəsizlik məsələsinə ciddi şəkildə diqqət yetirilməlidir. Görülən bütün işlər, proseslər, aparat və avadanlıqlar hər biri təhlükəsizlik normativlərinə uyğun olaraq istismara verilməlidir ki, bədbəxt hadisələrin baş vermə riski minimuma ensin. Buna nəzarət edən şəxslər avadanlıqlara ciddi və mütamadi nəzarət etməlidirlər.

İstehsalda baş verən qəzalarla bağlı bütün dünyada mübarizə aparılır. Dünyada bir il ərzində milyonlarla insan iş qəzası zamanı xəsarət alır və əmək qabiliyyətini itirir. Biz istehsalatda baş verən qəzaların statistikasına baxsaq, görərik ki bu qəzaların böyük əksəriyyəti insanların məsuliyyətsizliyi və diqqətsizliyinə görə baş verir. Ona görə də fabriklərdə, zavodlarda, müəssisələrdə texniki, əmək mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına və sanitar normalara mütləq riayət edilməlidir. İşçilər bu barədə bilik və bacarıqlara malik olmalıdırlar. İş yerləri bunu təmin etməlidir. İş prosesi bu təhlükəsizlik qaydaları əsasında həyata keçirilməlidir”.

Ekspert bildirib ki, ölkəmizdə istehsalat qəzalarının böyük əksəriyyəti tikinti sektorunun payına düşür: “Tikinti sektoru təhlükə səviyyəsi yüksək olan sahədir. Burada görülən işlərdə müəyyən qədər təhlükə riski mövcuddur. İşçilər mütləq tikinti sahəsinə uyğun olan təhlükəsizlik normativlərinə riayət etməlidirlər. Tikintidə istifadə olunan avadanlıqlar, kimyəvi tərkibli tikinti materialları, hündürlükdə görülən işlər, kəsici, deşici və qığılcım yaradan qurğulardan istifadə edərkən təhlükəsizlik normalarına uyğun olaraq hərəkət edilməlidir. Əks halda insanlar özlərinə zədə yetirə bilər. Qığılcımdan yanğın hadisəsi baş verə bilər, hündürlükdən yıxılma təhlükəsi ola bilər və s.

Yük daşıyan maşınlar və qaldırıcılar da təhlükəsizlik tədbirləri ilə təmin edilməlidir. Yəni bu sahədə kifayət qədər təhlükə mövcuddur.

Əfsuslar olsun ki, bəzən yüksəkmərtəbəli binaların 10-11-ci mərtəbələrində müəyyən işlər görülür, amma təhlükəsizlik kəmərlərindən istifadə edilmir. Bu yolverilməzdir. İşçi burada öz həyatını təhlükəyə atır. İşəgötürən düzgün nəzarət sistemi qurmadığı üçün bədbəxt hadisə baş verir. Əlbəttə buna görə məsuliyyət nəzərdə tutulub, amma heç bir kompensasiya və ya cəza insan həyatından qiymətli ola bilməz. Ona görə də bütün zavod, fabrik və tikinti sahələrində çalışan şəxslərin təhlükəsizliyinə son dərəcə diqqət yetirilməlidir”.

Vəkil Turan Abdullazadə məsələnin hüquqi tərəflərindən danışıb:

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində  işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.

Həmin Məcəllənin 239-cu maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

Vəkil bildirib ki, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir: "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.

Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur".
 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə əmək qabiliyyətini itirən şəxslərin sayı 454, ölənlərin sayı isə 70 nəfər olub. .

Məlumata görə, ən çox mədənçıxarma sənayesi, emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı, tikinti, nəqliyyat və anbar təsərrüfatı,informasiya və rabitə sahəsində bədbəxt hadisələr baş verib. Ən çox ölüm halı isə tikinti sahəsinin payına düşür. 

Gülcahan Məmmədova

Seçilən
45
operativmedia.az

1Mənbələr