Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet "Oleq Bakinski" ləqəbi ilə tanınan Krapivin Oleq Andreyeviç və Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə şahidlər ifadə verib.
Səbinə Hüseynzadə şahid qismində ifadə verərkən bildirib ki, həmin şirkətdə insan resursları işi üzrə çalışıb: "Şirkətə qonaqlar gəlmişdi. Həmin gün qeydiyyat masasında işçimiz olmadığı üçün qonaq otağını mən hazırlatdırdım. Qonaqlar təzə keçmişdi ki, həmin yerdən nalayiq ifadələr eşidildi. İşlədiyim şirkətdə hələ belə bir şey olmamışdı. Daha sonra qonaqlar oranı tərk etdilər. İşıqları söndürüb, işimizə davam etdik".
O qeyd edib ki, hadisə baş verən yerdə kimin söyüş söydüyünü müəyyən edə bilməyib: "Görüş olan otaq Konstantin Kuçerin otağı idi. Bu mübahisə çox çəkmədi. Qonaqlar içəri keçəndə görməmişdim. Qonaqlar getdikdən sonra həmin otaqda mübahisə olmasını əsaslandıran bir şeylə qarşılaşmadıq. Qonaqlar arasında mübahisə olanda Konstantin Kuçerin səsini eşitmədim".
Şahid qismində dindirilən Şlavski Əhmədova bildirib ki, şirkətdə logistika sahəsi üzrə çalışıb və hadisə baş verən gün kabinetində olub: "Otaqlar arasında şüşəli arakəsmə var idi. Bir neçə nəfərin müdirin otağına girdiyini gördüm. Bir müddət sonra onlar söyüş söyə-söyə çıxdılar. Onlar çıxanda üzlərində hər hansı bir xəsarət izi yox idi. Sözügedən şirkətlərlə müqavilə mən gəlməmişdən əvvəl bağlanıb".
Şahid Elnarə Cəbiyeva deyib ki, Konstantin Kuçerin şirkətində direktor vəzifəsində çalışıb: "Hadisə olan günü işdə idim. Qonaqlar gələndə iclas otağına keçdilər. Təxmini 10-15 dəqiqə sonra rus dilində söyüş səsləri eşidildi. Söyüş səsləri qonaqların səslərinə oxşayırdı. Daha sonra onlardan 3 nəfər çıxıb getdilər. Həmin şəxslərin xəsarət alması ilə əlaqədar hər hansı bir iz görmədim".
Onun sözlərinə görə, "Aviazapchast" ASC və "Promyshlennye Postavki Kazakhstan" MMC ilə müqavilələrdən xəbərdardır: "Bu şirkətlərlə müqavilələri baş direktorun göstərişi ilə hazırlamışam. Həmin şirkətlərdən gələn böyük məbləğlər, əsasən "Günay Bank"a köçürülüb. "Bank BTB"yə isə təqribi 500 mindən çox avro köçürülüb. Hazırda şirkət fəaliyyətini dayandırıb. Həmin şirkətlərlə kommersiya şərtləri barədə danışıqları mən aparmamışam. Sadəcə sənədləşmə işlərini görürdüm. Müqavilənin şərtləri barədə göstərişləri Konstantin Kuçer vermişdi".
Növbəti proses martın 7-də davam edəcək.
İttihama görə, zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub.