AZ

Antoni: “Mən “Liverpul”a keçə bilərdim”

Futbol üzrə Braziliya millisinin cinah hücumçusu Antoni vaxtilə “Liverpul”a keçmək imkanına malik olduğunu etiraf edib.

Arena.az xəbər verir ki, müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan, cari mövsümün sonuna qədər “Betis”ə icarəyə verilmiş 25 yaşlı futbolçu bunları söyləyib:

“Bu, doğrudur. Mən “Liverpul”la müqavilə imzalamağa yaxın idim. Sonda isə “Mançester Yunayted”ə keçdim. Bu, yaxşı seçim idi”.

Braziliyalı hücumçu “Liverpul”un 32 yaşlı misirli ulduzu Məhəmməd Salah haqda da danışıb. O, misirli hücumçunu tərifləyib:

“Salah – inanılmaz bir oyunçudur, Uzun müddətdir ki, qeyri-adi işlər görür. O, müstəsna oyunçudur”, deyə braziliyalı futbolçu valeh halda vurğulayıb.

Xatırladaq ki, Antoni bu ilin yanvarında icarə əsasında “Betis”ə keçib. 25 yaşlı vinger cari mövsümün sonuna – 2025-ci ilin 30 iyununa qədər La Liqa klubunda çıxış edəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. O, İspaniya klubunun heyətində heç də pis təsir bağışlamır. Belə ki, braziliyalı futbolçu indiyə qədər meydana çıxdığı 7 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

Antoni “San Paulo”nun yetirməsidir. Braziliyalı hücumçu 2022-ci ilin avqustunda “Ayaks”dan 95 milyon avro məbləğ müqabilində “Mançester Yunayted”ə keçib. Antoninin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Braziliyalı hücumçu cari mövsümdə “Mançester Yunayted”in heyətində 14 oyuna çıxıb, 1 qol vurub. Antoninin İngiltərə nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 96 oyun, 12 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu “qırmızı şeytanlar”la İngiltərə Kubokunun (2024) və İngiltərə Liqa Kubokunun (2023) qalibi olub.

Antoni 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 16 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Antoni “selesao” ilə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı braziliyalı cinah hücumçusu Antoninin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
46
arena.az

1Mənbələr