AZ

Jan-Filipp Mateta ağır zədə aldı, 25 tikiş qoyuldu

İngiltərə Kubokunun 1/8 finalında “Milluoll”a qarşı ev oyunu (3:1) “Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta üçün kədərli başa çatıb.

Arena.az “Kristal Pelas”ın rəsmi saytına istinadən məlumat verir ki, rəqib qapıçı ilə toqquşmuş Mateta xəstəxanadan evə yarasına 25 tikiş qoyularaq buraxılıb.

Xatırladaq ki, sözügedən oyunun 8-ci dəqiqəsində “Milluoll”un ingilis qapıçısı Liam Roberts cərimə meydançasından çıxaraq, hava asmasından gələn topu dəf etməyə şığıyıb. Tullanışda təpiklə topu vurub çıxarmış Roberts növbəti anda Matetanın başına zərbə endirib. Hakim, təhlükəli davranışı müqabilində Robertsə dərhal birbaşa qırımızı vərəqə göstərib. Tirtap olmuş Mateta qanına bələnib, futbolçuya oksigen maskası qoşulub. Hakim oyunu dayandırmağa qərar verib, yeddi dəqiqə fasilə yaranıb. Mateta meydandan xərəkdə təxliyə edilib. Məhz bundan sonra hakim oyunu davam etdirmək qərarına gəlib. Ardınca isə yaralı futbolçu təcili surətdə xəstəxanaya çatdırılıb. Matetanın qulağına 25 tikiş qoyulub. Bir müddət sonra vəziyyəti sabitləşmiş Mateta evə buraxılıb.

“Kristal Pelas” “qartallar”ın hücumçusunun bir müddət dincliyə ehityacı olduğunu bildirib, klub öz adından futbolçuya təcili tibbi yardım göstərmiş klub və xəstəxana həkimlərinə təşəkkürünü ifadə edib.

Əlavə edək ki, qapıçı Liam Robetsin təhlükəli oyunu sosial şəbəkələrdə “vəhşilik”, “qətlə cəhd” olaraq tənqidlə şərh edilib.

Jan-Filipp Mateta böyük futbol karyerası ərzində “Şatoru”, Lion “Olimpik”i, “Havr” və “Maynts”da oynayıb.

Mateta “Kristal Pelas”a 2022-ci ilin yanvar ayında 11 miloyn avro məbləğ müqabilndə “Maynts”dan keçib. Fransalı futbolçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir

Cari mövümdə Mateta “Kristal Pelas” üçün bütün yarışlarda 33 oyuna çıxıb, 15 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Matetanın “qartallar” üçün çıxışının ümumi mənzərəsi 139 oyun, 44 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

Mateta Fransanın U-19, U-20, U-21 komandalarına və Olimpiya yığmasına cəlb edilib, “xoruzlar”ın əsas komandasına isə hələ çağırış almayıb.

Matetanın qənimətlər muzeyində Fransa yığması iə 2024-cü il Paris Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal var.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı hücumçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
37
arena.az

1Mənbələr