AZ

“ANİMAFİLM Gəncədə” festivalı başa çatıb, qaliblər elan olunub

Bakı, 3 mart, AZƏRTAC

Yeddinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində “ANİMAFİLM Gəncədə” festivalı keçirilib. Festival Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, iki gün ərzində festivala 500-dən çox tamaşaçı qoşulub və onlar 15 filmi izləyərək səsvermədə iştirak ediblər.

Gəncə Dövlət Kukla Teatrında baş tutan festivalda “Narqız” (rejissor Məsud Pənahi, Azərbaycan), “Pomidor” (rejissor Petre Tomadze, Gürcüstan) və “Vəhşi heyvan” (rejissor Tianyun Lyu, Çin) filmləri qalib olub.

Hər nümayişdən sonra tamaşaçılarla geniş müzakirələr təşkil edilib. Müzakirələrin moderatoru prodüser, rejissor İntiqam Hacılı olub, xüsusi qonaqlar qismində isə Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev, rejissor Nəzrin Ağamalıyeva, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev, “Regional İnkişaf üzrə Maarifləndirmə” ictimai birliyinin icraçı direktoru Rövşən Novruzov, Gəncə Dövlət Dram Teatrının rejissoru Şahmar Məmmədov, Gəncə Şəhər Uşaq İncəsənət Məktəbinin müəllimi Gültəkin Heydərova, Gəncə Dövlət Kukla Teatrının rəssamı Məhəmməd Hacıyev, Əməkdar mədəniyyət işçisi, yazıçı Bəxtiyar Muradov, Gəncə Dövlət Kukla Teatrının baş rejissoru Şamil Məmmədli, Gəncə Texnologiya Universitetinin tələbəsi, nəqliyyat mühəndisi Afaq Namazova, Gəncə Dövlət Kukla Teatrının baş rəssamı Əntiqə Bədirova, Gəncə Dövlət Kukla Teatrının quruluşçu rəssamı Sara Məmmədova iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Animasiya Assosiasiyası milli animasiya kino sənətinin inkişafına dəstək vermək məqsədilə 2018-ci ildən etibarən Bakıda ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını keçirir.

Regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədilə keçirilən regional animasiya festivalları artıq ənənəyə çevrilib. 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə isə “ANİMAFİLM Lənkəranda” festivalları keçirilib.

2024-cü ildə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən “BAFTA Festivallar Siyahısı”na daxil edilib.

Seçilən
77
10
azertag.az

10Mənbələr