AZ

AHİK-də “Caspian Energy Club”un nümayəndələri ilə görüş olub

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Caspian Energy Club”un nümayəndələri ilə görüş keçirilib.

AHİK-dən AZƏRTAC-a bildirilib ki, özəl sektorla əməkdaşlıq çərçivəsində keçirilən görüşdə Konfederasiya sədri Sahib Məmmədov həmkarlar ittifaqları sistemində aparılan islahatlar, üzvlərin əmək hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr barədə danışıb.

Bildirilib ki, yeni layihələrdən olan “AHİK Könüllüləri” uğurla davam etdirilir, yollayışların vahid məkandan verildiyi “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb, yollayışların verilməsi prosesi sadələşdirilib. Yaxın vaxtlarda “Layiqli Əmək Səfirləri” layihəsinə də start veriləcək. Görüşdə həmçinin ittifaq üzvləri üçün xüsusi endirimlər və bonuslar təqdim edəcək "AHİK Plus" proqramı barədə də məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev son zamanlar Konfederasiya tərəfindən görülən işləri xüsusi olaraq qeyd edib, AHİK-in özəl sektorla əməkdaşlığının vacibliyini vurğulayıb. O, Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərindən, o cümlədən sosial təşəbbüslərin, işçilərin sağlamlığının və təhlükəsizliyinin qorunmasının önəmindən danışıb, sahibkarların sosial layihələrdə iştirakının əhəmiyyətini bildirib.

“Caspian Energy Club”un baş icraçı direktoru Telman Əliyev klubun və üzv şirkətlərin fəaliyyətindən danışıb, ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin əhəmiyyətini qeyd edib. Konfederasiya tərəfindən sanatoriyaların, istirahət mərkəzlərinin bərpası və yenidən qurulması istiqamətində görülən işləri yüksək qiymətləndirən Telman Əliyev “AHİK Plus” proqramı çərçivəsində əməkdaşlığın kluba daxil olan şirkətlər üçün də maraqlı olduğunu diqqətə çatdırıb.

Tədbir zamanı, həmçinin şirkət nümayəndələrinin təklifləri dinlənilib, sualları cavablandırılıb, əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Sonra Konfederasiya sədri Sahib Məmmədova klubun fəxri üzvlük sertifikatı təqdim olunub.

Görüş çərçivəsində “Caspian Energy Club”un nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə də tanış olublar.

Seçilən
9
15
azertag.az

10Mənbələr