AZ

Vitse-prezident: SOCAR dekarbonizasiya və enerji keçidi istiqamətində mühüm layihələr icra edir

Bakı, 3 mart, AZƏRTAC

Ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsipinə sadiq qalan SOCAR ölkəmizin ekoloji siyasətinə uyğun olaraq dekarbonizasiya və enerji keçidi istiqamətində mühüm addımlar atır. SOCAR beynəlxalq ekoloji konvensiyalar və müqavilələr çərçivəsində öz öhdəliklərini yerinə yetirməklə yanaşı, iqlim dəyişikliklərinə təsirin azaldılması sahəsində fəal iştirak edir.

AZƏRTAC xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda keçirilən bugünkü ictimai müzakirədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ötən il Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan COP28 konfransında SOCAR aktiv iştirak edərək öz dekarbonizasiya hədəflərini beynəlxalq ictimaiyyətə təqdim edib.

“2024-cü ildə isə Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal iqlim gündəliyinin formalaşmasında mühüm rol oynayıb. SOCAR bu mötəbər tədbirdə enerji keçidi və dekarbonizasiya strategiyasına dair müzakirələrdə fəal iştirak edərək şirkətin ekoloji siyasətini və bu istiqamətdə həyata keçirilən layihələri təqdim edib. Konfrans çərçivəsində SOCAR tərəfindən təşkil olunan tədbirlərdə şirkətin ətraf mühitin mühafizəsi, bərpaolunan enerji və dekarbonizasiya sahəsində əldə etdiyi nailiyyətlər ətraflı müzakirə olunub. Bu təşəbbüslər çərçivəsində SOCAR beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirərək yaşıl enerji layihələrinin həyata keçirilməsində aktiv iştirak edir.

Şirkətimiz qlobal ekoloji çağırışlara cavab olaraq dekarbonizasiya və enerji keçidi istiqamətində mühüm layihələr icra etməkdə davam edir. COP29 çərçivəsində SOCAR olaraq enerji səmərəliliyinin artırılması, karbon emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış etdik. Bu istiqamətdə beynəlxalq əməkdaşlıqlarımızı gücləndirmək və qlobal ekoloji çağırışlara töhfə vermək bizim üçün prioritet vəzifələrdən biridir. SOCAR-ın həyata keçirdiyi dekarbonizasiya və enerji keçidi layihələri Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq ekoloji tarazlığın qorunmasına və qlobal iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməyə davam edəcək”, - deyə Əfqan İsayev əlavə edib.

Seçilən
37
azertag.az

1Mənbələr