AZ

Ruben Amorim: “Yaxşı məşqçi olduğumu hiss etmirəm”

İngiltərənin “Mançester Yunayted” komandasının baş məqşiçi Ruben Amorim “qırmızı şeytanlar”ın sükanı arxasındakı işini qiymətləndirib.

Arena.az “The Guardian” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Mən yaxşılaşmışammı? Demək çətindir. Biz qalib gəlmirik, mən isə yaxşı məşqçi olduğumu hiss etmirəm. Mən burada üç ay keçirmişəm və bu müddət ərzində artıq çox şey yaşamışam.
Bəzən, tərəqqi etmək üçün çətinliklərdən keçmək gərəkdir, ona görə də deyə bilərəm ki, bu mənada mən daha sınanmış məşqçi olmuşam”, deyə Amorim vurğulayıb.

Vurğulayaq ki, Amorim Avropanın ən perspektivli çalışdırıcılarından biri hesab edilir. Lissabon “Sportinq”ində Amorim Portuqaliya nəhəngləri “Benfika” və “Portu”ya divan tutan rəqabətəqadir kollektiv təsis edə bilib. Məhz bu amil “Mançester Yunayted”in Ruben Amorimi “qırmızı şeytanlar”a yeni baş məşqçi seçməsində əsas olub. Amorim “Mançester Yunayted”in sükanı arxasında niderlandlı mütəxəssis Erik ten Haqı əvəzləyib. İngiltərə nəhəngi portuqal mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib.

Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqlaiya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.

Ruben Amorim “Mançester Yunayted”in sükanı arxasında 24 oyuna çıxıb, 11 qələbə, 3 heçə-heçə, 10 məğlubiyyət yaşayıb. Topların fərqi isə 45:45 nisbətindədir.

Xatırladaq ki, “Mançester Yunayed” tarixən ən bərbad dövrünü yaşaşır. İngiltərə Premyer Liqasının 27 oyununda 33 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıblar. Mövsüm irəlilədikcə, “Mançester Yunayted”in ölkə çempionatı vasitəsilə avrokubokların növbəti mövsümünə vəsiqə qazanmaq imkanı da “əriyir”. Buna rəğmən, “qırmızı şeytanlar” Avropa Liqasında çıxış edirlər və bu yarışda qalibiyyətə iddialıdırlar.

Seçilən
52
1
arena.az

2Mənbələr