AZ

“Dövlət o pulu dəbbəsi ilə geri alacaq” - Deputat Aliment Fondu təklifini dəstəklədinu

“Boşanmaq heç bir halda nə qadını, nə də kişini valideynlik vəzifəsindən və məsuliyyətindən azad edir. Əksinə, onlar elə etməlidirlər ki, bu hadisə uşaqların həyatına, təhsilinə, sağlamlığına zərər vurmasın, ancaq biz bunun əksini müşahidə edirik”.

Bunu “Yeni Sabah”a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova bildirib. 

Hazırda Milli Məclisdə müzakirə olunan Aliment Fondu təşəbbüsü də məhz ona məxsusdur.

Deputat qeyd edib ki, şikayətlərin əksər hissəsi aliment tələbinə dair məhkəmə qərarlarının vaxtında və tam icra olunmaması ilə bağlıdır:

“Ailə Məcəlləsinin 55.2 maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yəni alimentin təyin edilməsinin əsas mahiyyəti uşağın ehtiyaclarının ödənilməsidir. 

Məlumdur ki, bir çox borclular aylarla, bəzən illərlə aliment ödəməkdən yayınırlar. Boşanmaq heç bir halda nə qadını, nə də kişini valideynlik vəzifəsindən və məsuliyyətindən azad edir. Əksinə, onlar elə etməlidirlər ki, bu hadisə uşaqların həyatına, təhsilinə, sağlamlığına zərər vurmasın, ancaq biz bunun əksini müşahidə edirik. Əgər uşaqlar arasında xroniki xəstəliyi və ya əlilliyi olan varsa, vəziyyət daha da çətinləşir. 

Bəli, aidiyyəti üzrə müvafiq qurumlar çalışırlar ki, borclu alimenti ödəsin. Ancaq biz yenə də görürük ki, bu bir çox hallarda bu inzibati formada reallaşır. Borclu bunu bir məsuliyyət və valideynlik vəzifəsi hesab etmir. Əksinə, bundan qarşı tərəfə təzyiq vasitəsi kimi istifadə edir”. 

Deputat diqqətə çatdırıb ki, “Aliment Fondu”nun yaradılması dövlətin iqtisadi yükünü azaldacaq:

“İnsanlar bu və ya digər səbəbdən birgəyaşayışın bitdiyini düşünür və boşanmağa qərar verirlər. Ancaq bununla yanaşı, öz valideynlik vəzifələrini də yerinə yetirilər. Lakin borcunu ödəməyən şəxslər də var. Doğrudur, alimenti ödəməyən şəxs qanunvericilikdə göstərildiyi kimi, inzibati və ya cinayət məsuliyyəti müəyyən edilib. Lakin təcrübədə görürük ki, borclu bu və ya digər məsuliyyətə cəlb edilsə də, alimenti ödəmir. 

Bu məsələdə əsas uşaqlara layiqli həyat yaşatmaq, onların hüquqlarını qorumaq və eyni zamanda borclunun məsuliyyətini stimullaşdıracaq bir sistem yaratmaqdır. Bununla bağlı, beynəlxalq təcrübə var və bir çox ölkələrdə belə bir fond fəaliyyət göstərir. Fond yalnız borcunu ödəməyən şəxsləri əhatə edir. Aliment ödəməkdən yayınan şəxslərin reyestri yaradılır. Alimenti ödəməyən şəxsin yerinə pulu fond ödəyir. Borclu artıq vətəndaşa deyil, dövlətə borclu olur. Dövlət isə həmin vəsaiti (əgər vaxtında ödənilməsə, dəbbə pulu ilə birgə) həmin şəxsdən geri alır”. 

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
58
22
yenisabah.az

10Mənbələr