ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskidən məktub aldığını deyib və məktubda Kiyev davamlı sülhə nail olmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa, həmçinin nadir torpaq elementləri ilə bağlı Vaşinqtonla saziş imzalamağa hazır olduğunu bildirib.
News24.az xəbər verir ki, Konqres qarşısında Amerika xalqına müraciətlə çıxış edən Tramp xarici siyasət mövzusuna, xüsusən də Rusiya ilə Ukrayna arasında münaqişə ətrafında vəziyyətə toxunub.
Onun fikrincə, müharibə mümkün qədər tez başa çatmalıdır və onun bitməsində şəxsi marağı var. ABŞ prezidenti qeyd edib ki, hər iki tərəflə danışıqlar aparır.
“Bu gün mən prezident Zelenskidən məktub aldım. Orada deyilir: "Ukrayna davamlı sülhə nail olmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. Heç kim ukraynalılardan çox sülh istəmir. Mən və komandam prezident Trampın güclü rəhbərliyi altında bunun üzərində işləməyə hazırıq", - Tramp deyib.
Həmçinin, Amerika liderinin sözlərinə görə, Ukrayna nadir torpaq elementləri ilə bağlı saziş imzalamağa hazır olduğunu bildirib. “Minerallar və təhlükəsizlik sazişinə gəldikdə, Ukrayna sizin üçün əlverişli olan istənilən vaxt müqaviləni imzalamağa hazırdır”, – Tramp Zelenskinin məktubundan sitat gətirib.
ABŞ prezidenti məktuba görə Ukrayna liderinə təşəkkür edib və əlavə edib ki, Rusiya tərəfi ilə danışıqlar davam edir. Onun fikrincə, Moskva da sülh yolu ilə nizamlanmanı müzakirə etməyə hazırdır.
Xatırladaq ki, ötən həftənin cümə günü səhər saatlarında Tramp və Zelenski Oval kabinetdə görüşüblər və bu zaman onlar açıq mübahisə ediblər. Danışıqlardan sonra planlaşdırılan birgə mətbuat konfransı ləğv edilib. Zelenski Ağ Evi tək tərk edib və nadir torpaq sazişi heç vaxt imzalanmayıb.
Daha sonra Tramp Ukrayna liderini “Amerika xalqına hörmətsizlikdə” ittiham edib, Zelenski isə üzr istəməyə ehtiyac duymadığını bildirib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası “Amerika arzusunu” yenidən gerçəkləşdirmək niyyətindədir. O qeyd edib ki, o, sərhəd təhlükəsizliyi və iqtisadiyyatdan tutmuş federal idarəetmə və xarici siyasətdə islahatlara qədər müxtəlif sahələrdə addımlar atır.
Qanunvericilərlə danışan Tramp yanvarın 20-də andiçmə mərasimindən bu yana gördüyü işləri yekunlaşdırıb. Lakin gecənin əsas hadisəsi etiraz əlaməti olaraq prezidentin çıxışını kəsməyə çalışan demokrat Al Qrinin zaldan çıxarılması olub.
Məryəm İlhamqızı